Eldar Həsənovun məhkəmənin jurnalistlərə qapalı keçirilməsi istəyi təmin olunmadı
Ölçü:


Həbsdə olan keçmiş baş prokuror, sabiq səfir Eldar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Koordinat.az
xəbər verir ki, Eldar Həsənovun cinayət işi üzrə məhkəmənin baxış iclasında onunla bağlı vəsatət təmin olunub. Bu barədə məlumat verən vəkil Adəm Məmmədov bildirib ki, Eldar Həsənov şüşə qəfəsdən çıxarılaraq zalda əyləşdirilib.

Bu gün keçirilən prosesdə vəkil Cavad Cavadov təqsirləndirilən şəxsin səhhətində yaranmış problemlərlə bağlı həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı vəsatət verib. Daha sonra Eldar Həsənov məhkəməyə səhhətinin kəskin pisləşdiyini bildirib. Bundan sonra Eldar Həsənov məhkəmənin jurnalistlərə qapalı keçirilməsi barədə vəsatət verib. Vəsatətlər məhkəmə tərəfindən təmin edilməyib.

Daha sonra dövlət ittihamçısı Anar Nəsibov ittiham aktını oxuyub. Hazırda proses davam edir.
 
Xatırladaq ki, Eldar Həsənov 2020-ci il avqustun 13-də Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və büdcə vəsaitindən təyinatı üzrə istifadə etməməkdə şübhəli bilinərək saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə), 193-1.3.2 (qanunsuz əldə edilmiş vəsaitin leqallaşdırılması), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308-1.1. (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Həsənov 2010-2020-ci illər ərzində Azərbaycanın Rumıniya, Serbiya, Bosniya və Herseqovina və Monteneqroda səfiri vəzifələrində işləyərkən büdcə vəsaitini mənimsəməkdə və oğurlamaqda ittiham olunur. Söhbət səfirlik binalarının alınması və təmir işlərinin həyata keçirilməsi zamanı ümumilikdə 180 min avrodan çox vəsaitin mənimsənilməsindən gedir.
09.09.2021 12:40:00
Oxuma sayı: 180