Ermənistan müxalifəti 4 kəndin qaytarılması ilə bağlı təcili iclas çağırıb
Ölçü:


Ermənistan müxalifəti Baş nazir Nikol Paşinyana 4 kəndi Azərbaycana qaytarmağa mane olmağa çalışır.

Koordinat.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Ermənistan müxalifətinin delimitasiya və demarkasiya məsələləri ilə bağlı parlamentinin təcili iclas çağırmasını şərh edərkən bildirib. O, qeyd edib ki, Paşinyana müxalif “Ermənistan” və “Şərəf duyuram” fraksiyalarının Ermənistanla delimitasiya və demarkasiya məsələləri üzrə təcili iclas çağırması təşəbbüsü məhz 4 kəndin Azərbaycana qaytarılması ilə bağlıdır.

Ermənistan müxalifətinin bu məsələ ətrafında təşkilatlanmağa çalışdığını deyən politoloq bildirib ki, Baş nazirin müavini Mger Qriqoryanla xarici işlər naziri Ararat Mirzoyanın da sessiyaya dəvət edilməsi Paşinyan əleyhidarlarının ciddi dirəniş göstərəcəyindən xəbər verir: “Müxalifət dinləmələr vasitəsilə hökumət üzvlərinə təzyiqi artırır. Müxalifət kəndlərin qaytarılması mövzusunu parlamentin gündəminə həm də ona görə gətirməyə çalışır ki, bu yolla hökumət içərisində fikir ayrılığı dərinləşsin".

Elxan Şahinoğlu hesab edir ki, 4 kəndin qaytarılması ilə bağlı məsələlərin açıq-aşkar və həm də ən üst səviyyədə gündəmdə olduğu şəraitdə Nikol Paşinyanın Brüsselə yollanmadan əvvəl Təhlükəsizlik Şurasının iclasını keçirməsi diqqəti çəkib: "İclasda Təhlükəsizlik Şurasının 2023-cü ilə dair hesabatı müzakirə edilsə də, Paşinyan öz tərəfdarlarının radikal müxalifətə qarşı müqavimət gücünü müəyyənləşdirməyə çalışır”.

Qeyd edək ki, Ermənistan parlamentində delimitasiya ilə bağlı iclasın 9 apreldə keçiriləcəyi gözlənilir. Sabah isə erməni deputatlar parlamentin Avropaya inteqrasiya üzrə daimi komissiyasının təşəbbüsü ilə "Ermənistanın Avropaya inteqrasiyasının yeni perspektivləri və çağırışları" mövzusunda dinləmələr keçirəcək. Ekspertlərin fikincə, dinləmələrin keçirilməsində əsas məqsədlərdən biri Qazaxın işğal altındakı 4 kəndin qaytarılması məsələsində dirəniş göstərən müxalifətin Ermənistan təhlükəsizliyi ilə bağlı beynəlxalq səviyyədə təminat almaq istəyidir.
03.04.2024 15:47:00
Oxuma sayı: 1281