Bakı və Moskva sülhməramlıların Qarabağdan çıxarıldığını təsdiqlədi
Ölçü:


Kreml Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasının başlandığını təsdiqləyib.

Koordinat.az
xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb. O, jurnalistlərə qısa açıqlamasında Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasının başlandığını təsdiqləyib: "Bəli, bu doğrudur".

Sülhməramlıların Qarabağdan vaxtından əvvəl çıxarılması barədə razılaşma olduğunu rəsmi Bakı da təsdiqləyib. Prezidentin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Azərtac"a bildirib ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib. O qeyd edib ki, artıq proses başlanılıb: "Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər".

Xatırladaq ki, dünən Rusiya sülhməramlılarının Qarabağdan çıxarıldığını əks etdirən videogörüntülər yayılıb. Diplomatik mənbələrdən Ermənistan KİV-nə bildirilib ki, Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması mərhələli şəkildə həyata keçirilir: “Kontingentin çıxarılması eşelonla Dağıstan vasitəsilə həyata keçirilir”.

Sülhməramlıların sonuncu qrupunun Azərbaycanl tərketmə vaxtı hələ açıqlanmayıb.

Sülhməramlı kontingent 44 günlük müharibəni dayandıran Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına uyğun olaraq Qarabağa yerləşdirilib.
17.04.2024 14:50:00
Oxuma sayı: 1088