"Barıtlı kaha": Başlıbel faciəsinin danışan dili
Ölçü:

Elxan SALAHOV

Başlıbel. Qətliamdan sonrakı sığınacaqlar. Həmin sığınacaqların Başlıbelin İşğal Muzeyinə çevriləcəyi günü səbrsizliklə gözləyirəm. Əminəm ki, olacaq, sadəcə, zaman məsələsidir...

İşğalın ağrı-açısını, 113 gün davam edən mühasirənin məşəqqətlərini daşına-divarına hopdurmuş kahalar. Bura sözün gerçək mənasında İşğal Muzeyinin özüdür! Təbii və bər-bəzəksiz, bütün eksponatı Başlıbelə və məhz işğala, mühasirə həyatına aid, kənardan gətirilmə heç bir əşyanın olmadığı MUZEY. Orada sağ qalmaq, əli tətikdə pusquda dayanan düşməndən qorunmaq üçün öz yurdunda qaçaq həyatı yaşamağa məcburiyyətində qalan kənd sakinlərinin gün-güzəranını, məişətini, ağrı-acısını özündə əks etdirən hər şey var...

1993-cü ildə, 4 aylıq mühasirəni yarıb Murova doğru üz tutarkən necə qoyub çıxmışdılarsa, elə də qalıb. Hər şey yerindədir - sındırılmış, güllələnmiş qab-qacaq, parça-parça edilmiş yataq dəstləri, ocaq yeri, kösöv, sac, ələk...

Hətta xalça da vardı, təəssüf ki, kimlərsə nəfsinə hakim ola bilməyib bu qiymətli eksponatı özünün təbii ruhundan ayırdı. Bəlkə də bilməyərəkdən, onun tariximiz üçün nə qədər önəmli olduğunu anlamadan...

Həmin kahalarda ermənilərə məxsus bir neçə murdar əşya da var - araq butulkası, siqaret qutusu... Erməni izi o kahalara da gedib çıxıb...

Aprelin 18-də düşmən gülləsindən yayınaraq sağ qalan 30 nəfər sonradan "Barıtlı binə" adlanan ərazidəki kahalara sığınmışdılar.  İyulun 17-də 29 nəfər mühasirədən çıxarkən həmin kahalardan yola düşmüşdülər. İkinci Dünya müharibəsi veteranı Ələsgər Kazımov isə 45 yaşlı oğlunu, 36 yaşlı gəlinini və böyüyü 15, kiçiyi 8 yaşında olan 4 nəvəsini mühasirə yoldaşları ilə birlikdə yola salaraq özü kahada tək qaldı...

Kütləvi qətliam günü xanımı və 2 yaşlı körpəsi girov götürülən, özü isə şəhid olan Surxay Əmralıyevin səkkiz illik təhsil haqqında şəhadətnaməsini də "Barıtlı binə"dəki kahalarda aşkarladım, evi tərk edərkən özləri ilə götürübmüşlər. Həmin şəhadətnamə də mərhum Zəfəndar Qasımovun hərbi bileti kahalardakı digər sənəd və əşyalarla birlikdə kəndin bərpasından sonra Başlıbelin İşğal Muzeyində saxlanılacaq. O muzey Başlıbel faciəsinin əbədi yaddaşı olacaq, tayı-bərabəri olmayan dəlil və sübutları göz bəbəyi kimi qoruyacağıq...

Otuz bir il əvvəl törədilmiş Başlıbel faciəsinə, qətliamdan sağ çıxanların mühasirə həyatına şahidlik edən kahalar sanki, dil açıb danışır. Həmin kahalardakı əşyalar faciəmizin danışan dili, yaşamaq üçün düşmənə dirəniş göstərən əliyalın camaatımızın hiss və həyəcanı, bu vəhşəti duymaq istəyənlərin görən gözüdür...
 
Başın sağ olsun, Vətən!

Quruca torpağın-daşın bəsimizdir, doğma yurd! Elimizin birliyi, dövlətimizin dəstəyi ilə yenidən dirçələcəksən, başı bəlalar çəkmiş Başlıbel!

19.04.2024 10:06:00
Oxuma sayı: 1611