Cəbrayılın Şükürbəyli kəndində 1042 ev və 360 yerlik məktəb tikiləcək
Ölçü:


İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Şükürbəyli kəndində 1042 ailənin məskunlaşması üçün yaşayış evlərinin tikintisinə başlanır.

Koordinat.az xəbər verir ki, bununla bağlı Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən müxtəlif layihələr üzrə bir neçə açıq tender elan edib. Martın 28-də elan edilmiş tenderin şərtlərinə görə layihələrin icrasında tikinti sahəsində fəaliyyət göstərən təcrübəli şirkətlər iştirak edə bilər. Bunun üçün iddiaçı şirkətlər öz təkliflərini mayın 15-dək tender komissiyasına təqdim etməlidir. 

Tenderlərdən biri Cəbrayıl rayonunun 1042 ailəlik (birinci mərhələdə - 635 ailəlik) Şükürbəyli kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar 85, biri 93 birmərtəbəli fərdi yaşayış evlərinin tikintisini nəzərdə tutur. Daha iki tender elanında həmin kəndin ərazisində hər biri 60, digər satınalma elanında isə 73 fərdi yaşayış evinin tikiləcəyi deyilir.

Bundan başqa,1042 ailəlik Şükürbəyli  kənd yaşayış məntəqəsində 360 şagird yerlik tam orta məktəbin tikintisi nəzərdə tutulub.

Xatırladaq ki, 1042 ailənin daimi yaşayış ünvanı kimi yenidən qurulan Şükürbəyli kəndinin layihələndirilən ümumi ərazisi 298 hektardır. Burada məskunlaşacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 184 hektar torpaq sahəsi ayrılıb. Bu mərhələdə kənddə 635 fərdi evin tikilməsi nəzərdə tutulur. Baş plana əsasən, bu kənd ərazi vahidinə görə bir-birinə yaxın olan Dəjəl, Şıxəliağalı kəndləri vә Mahmudlu qəsəbəsi ilə birlikdə layihələndirilib.

Kənddə məktəb binası, uşaq bağçası, inzibati bina, klub icma mərkəzi və çoxfunksiyalı bina, ticarət mərkəzi, bazar, idman sağlamlıq mərkəzi, tibb məntəqəsi, mərasim zalı, məscid, qonaq evinin inşası planlaşdırılıb.
02.04.2024 11:29:00
Oxuma sayı: 668