Erməni deputat: "Azərbaycan öz torpağını istəyir”
Ölçü:


Ermənistan parlamentinin hakim “Mülki müqavilə” partiyasından olan deputatı Qaqik Melkonyan Qazaxın işğal altında olan kəndlərinin Azərbaycana məxsus olduğunu deyib. O, Vətən müharibəsi başa çatdıqdan sonra rəsmi Bakının Qazaxın işğal altındakı 7 yaşayış məntəqəsinin və Naxçıvanın Kərki kəndlərinin boşaldılması tələbinə haqq qazandırıb.

Koordinat.az
xəbər verir ki, Melkonyan yerli 24TV-yə açıqlamasında Baş nazir Nikol Paşinyanın “Azərbaycan kəndlərini qaytarmasaq, müharibə olacaq” xəbərdarlığına haqq qazandıraraq Ermənistan ictimaiyyətinin bu çağırışı dəstəkləməli olduğunu deyib. 

Melkonyan hökumətə müxalif qüvvələrin Paşinyanın Tavuşun erməni əhalisini müharibə ilə qorxutması barədə iddialarını da rədd edib: "Qorxutmaq nədir? Əgər həqiqət deyilibsə, bu qorxutmaqdırmı? Azərbaycan bütün dünyada deyir ki, mənim torpaqlarımı alıblar, verməsələr, zorla geri alacam”.

Telekanalın əməkdaşının “bəs, sabah Azərbaycan İrəvan və Sevana da iddia edərək “mənim torpağımdır” deyərəsə, nə baş verəcək?” sualına deputat Qaqik Melkonyan belə cavab verib: “İrəvan və Sevan Ermənistanın ərazisidir, Azərbaycan İrəvanı və Sevanı istəmir, öz torpağını istəyir”.

Xatırladaq ki, hazırda Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş 7 kəndi var:  Qazaxın eksklav olmayan 4 (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı) və esklav olan 3 (Yuxarı Əskipara, Sofulu, Barxudarlı) kənd, eləcə də Naxçıvanın esklav olan 1 (Kərki) kəndi. Vətən müharibəsindən dərhal sonra, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq rəsmi Bakı Ermənistandan həmin kəndləri təhvil verməyi tələb edir.
03.04.2024 16:04:00
Oxuma sayı: 1281