Bu gün və 30 il əvvəl: iki fərqli tarixin oxşar FOTOLARI
Ölçü:


Elxan SALAHOV

 Azərbaycan ordusunun cəmi bir gün davam edən lokal xarakterli antiterror tədbirindən sonra Xankəndi-Gorus yolundakı avtomobil tıxacının görüntüləri sosial şəbəkələrin bəzəyinə çevrilib. Hamı bu gün yayılan həmin fotodan danışır. Ali Baş Komandanın zərgər dəqiqliyi ilə ölçüb-biçdiyi strategiyanı layiqincə yerinə yetirən qəhrəman Azərbaycan ordusunun yaratdığı hərbi-siyasi reallıqların nəticəsi kimi VAR olan QAÇIŞ fotosundan...

Açıq görünür ki, separatçı rejimin və havadarlarının əlində alətə çevrilmiş ermənilər Azərbaycan hökumətinin humanizm çağırışlarına məhəl qoymur, sülhsevər azərbaycanlılarla birgəyaşayışı qəbul etmək istəmirlər. Olsun! Onlara xoş deyilsə, bizə çoxdan xoş deyil! Ən azı 35 il əvvəldən...

1988-ci ildən güllü-gülüstanlı Qarabağı terror yuvasına, qan çanağına döndərmiş ermənilər torpaqlarımızıdan çıxır. Düz 35 ildir sülhə, dinc yaşayışa arxa çevirən, tarixi Azərbaycan torpağında ikinci erməni dövləti qurmaq xülyası ilə yaşayan əlisilahlı quldur dəstələri əyinlərindəki hərbi geyimi kol-kosun arasına tullayıb mülki sakinlərlə birlikdə Qarabağdan çıxır. Özü də kolon şəklində, bir-birinin belində...

Sülhə, dinc yaşayışa arxa çevirənlərin aqibəti belə olur! Cəhənnəmə getsinlər! Bizə yaşatdıqları cəhənnəmin bir az yüngül formasını özləri yaşamalı olacaq!

Niyə yüngül? Çünki Qarabağ onların torpağı deyil! Azərbaycanın dünya birliyi tərəfindən tanınan bu ərazilərlə onların heç bir bağlılığı yoxdur. Yaşadıqları evlər, , əkib-becərdikləri torpaqlar, zəli kimi sümürdükləri təbii sərvətlər Azərbaycana, vaxtilə onlara birgə yaşamaq imkanı verən azərbaycanlıların ulu əcdadlarına məxsusdur. Çoxmillətli Azərbaycan xalqı onlara burada sülh və mehriban qonşuluq şəraitində dinc yaşamaq imkanı vermişdilər...

Qədrini bilmək o yana, Şərqdə ilk demokratik respublika yaradan, sivil cəmiyyət quruculuğu yolunda inamlı addımlar atan, sakit və mədəni həyatı sevən xalqımıza asi çıxdılar. Başımızı qaldırıb gördük ki, silahlı quldur dəstələri arxalı düşmənə çevrilib özümüzü öldürür, torpaqlarımızı işğal edir, ata-baba yurdumuzda izimizi silir. İndi təkcə Qarabağın kəndləri deyil, ətraf 7 rayon ucsuz-bucaqsız daş qəbiristanlığını xatırladır...

Ermənilərin Qarabağdan çıxışını özündə əks etdirən bugünkü fotoya baxdıqca Kəlbəcərin işğal günlərini xatırladım. Düz 30 il 5 ay əvvəl Murovun qarlı aşırımları ilə Kəlbəcərdən Toğanalıya (Göygöl rayonu) gələn insan seli gözlərim önündə canlanır. Elə həmin günlərdə Murovun dolaylarından çəkilən və illərdir arxivimdə saxladığım fotolara baxır, paralellər aparıram. Ermənilər soyuq aprel günlərində bizi isti ocağımızdan didərgin salarkən Başlıbeldən Toğanalıya qədər 4 sutka gecəli-gündüzlü piyada yol gəlmişdik. Maşın Murovun buz bağlamış dolaylarında ilişib qalmışdı, xəstələri götürə bilməmişdik, qocaları və uşaqları atın belində gətirir, özümüz ilə qarda yıxıla-yıxıla qaçıb canımızı qurtarmağa çalışırdıq. Azğın düşmən Kəlbəcər əhalisinə rayonu tərk etmək üçün cəmi 10 saat vaxt vermişdi. Üstəlik səsgücləndiri vasitəsilə elan edilən vədə xilaf çıxaraq verilən vaxt başa çatmamış yollarda pusqu qurub əliyalın insanları qətlə yetirirdilər...

Xankəndi-Gorus yolundan bu gün çəkilən fotoya baxdıqca Başlıbeldən Toğanalıya gəldiyimiz 4 günün hər saatı acı xatirə kimi beynimdə dolaşır. Bu gün isə Xankəndini, Xocalını, Ağdərəni tərk edən ermənilər şəxsi avtomobillərinə, rahat avtobuslara minib vətən saydıqları Ermənistana gedirlər. Halbuki onları qovan, tələsdirən, arxasınca güllə və raket yağdıran, pusqu qurub qətlə yetirmək, girov götürmək istəyən yoxdur! Amma Xankəndi-Gorus yolundakı avtomobil tıxacından qaçışları bəlli!

2023-cü ilin sentyabrı (Xankəndi-Gorus yolu) ilə 1993-cü ilin aprelində (Kəlbəcər-Toğanalı yolunun Murov aşırımı hissəsi) çəkilən şəkillər üzərində düşünərkən öz-özümə sual verirəm: xoşbəxtikmi?

Evindən-eşiyindən, isti ocağından, doğma yurdundan ayrı düşmək ağır dərddir! İsti yuvamızdan didərgin olduq, on minlərlər şəhidlər verdik, 30 il məcburi köçkünlüyün ağrı-acısını çəkdik, vətən həsrətilə dünyasını dəyişən doğmalarımızın sayı-hesabı yoxdur...

Heyf itirdiklərimizdən! Amma...

Bəli, bu gün XOŞBƏXTİK! Məhz bu günü gördüyümüzə görə təsəllimiz var: düşmənin bizə yaşatdıqlarını özləri də yaşadılar. Nə yaxşı ki, taleyinə məcburi köçkün yazılmış nəsil tükənməmiş bu günü gördü!

Bu, erməniyə qarşı qisasçılıq deyil, tarixin ibrət dəsidir!

İndi qürurla və əminliklə deyə bilirəm: Azərbaycan dövləti mövcud olduğu tarixin ən qüdrətli dövrünü, xalqımız isə şərəfli və şərəfli və qürurlu günlərini yaşayır!

Allah şəhidlərimizə rəhmət, qazilərimizə şəfa, dövlətimizə isə güc-qüvvət arzulayıram!


25.09.2023 18:36:00
Oxuma sayı: 4738