“Murov qartalı” kitabının müəllifləri Ali Media Mükafatına layiq görüldülər
Ölçü:


Xəbər verdiyimiz kimi, dünən Bakıda Azərbaycan Mətbuat Şurasının 15 illik yubileyinə həsr olunmuş mərasim keçirilib. Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri Əli Həsənovun, Mətbuat Şurası İdarə Heyətinin üzvlərinin, millət vəkillərinin, ictimai təşkilatların və KİV-lərin nümayəndələrinin iştirak etdikləri mərasimdə  Mətbuat Şurasının 2017-ci il üzrə Ali Media Mükafatının üç dərəcəsi üzrə laureatları elan edilib, onlara müvafiq diplom və pul mükafatı təqdim olunub.

Koordinat.az xəbər verir ki, laureatlar arasında 2016-cı il Aprel döyüşlərinin qəhrəmanlarından olan şəhid polkovnik-leytenant  Raquf  Orucovun həyat və döyüş yolundan bəhs edən “Murov qartalı” kitabının həmmüəllifləri – jurnalistlər Elşən Əliyev və Elxan Salahov da vardır. Onlar cəmiyyətmiz üçün aktual olan hərbi vətənpərvərlik mövzusunda kitab ərsəyə gətirdiklərinə görə III dərəcə  Ali Media Mükafatının laureatı adına layiq görülüblər.

“Murov qartalı” sənədli-publisistik nəşri  “Azİmport” şirkətinin hərtərəfli dəstəyi ilə hazırlanıb və nəşr edilib. Layihənin məsləhətçiləri şirkətin məsul əməkdaşları - İlham Əhmədov və Əməkdar Mədəniyyət İşçisi Xanlar Məmmədov, kitabın redaktoru Müsəllim Həsənovdur.

Aprel döyüşlərinin birinci ildönümü ərəfəsində çapdan çıxmış kitab geniş ictimai rezonans doğurub. Şəhid zabitin anadan olduğu Ağdam rayonunda və dəfn edildiyi Sumqayıt şəhərində, həmçnin Bakıdakı Oksford məktəbində, Türk liseyində və Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində kitabın təqdimat mərasimləri keçirilib. Həmin mərasimlərdə icra hakimiyyəti orqanlarının rəhbərləri, millət vəkilləri, çoxsaylı ictimai təşkilatların nümayəndələri, şagirdlər, tələbələr, müəllim və ziyalılar, ASAN könüllüləri iştirak ediblər.

Xatırladaq ki, Mətbuat Şurasının Ali Media Mükafatı 2010-cu ildə təsis edilib.

15.03.2018 10:34:33
Oxuma sayı: 3126