Delimitasiya Göyçə və Zəngəzur məsələsini də aktuallaşdırır
Ölçü:

Sərhədlərin delimitasiya və demarkasiyasına ilkin olaraq "Almatı bəyannaməsi" əsasında başlanıb. Həmin sənəddə administrativ sərhədlər öz əksini tapıb. Lakin "Almatı bəyannaməsi"ndə heç bir xəritə mövcud deyil. 1991-ci ildə mövcud olan sərhədlər Ermənistan tərəfindən ləğv olunub. 1989-cu ildən erməni tərəfi bunu rəsmən elan edib. Ona görə də, sərhədlərin delimitasiyası prosesində prinsiplər sovet dövrünə əsas götürülür.

Koordinat.az xəbər verir ki, bunu sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib. O, qeyd edib ki, sərhədlərin delimitasiya və demarkasiyasını həyata keçirmək üçün sovet dövrünə aid olan müxtəlif illərin xəritələri təklif olunur: "Ermənistan 1975-ci ilin xəritələrini gündəmə gətirib. Azərbaycan isə hələlik konkret hansısa bir illə bağlı xəritəni masaya qoymayıb. Amma Bakı rəsmi şəkildə bəyan edib ki, sərhəddin müxtəlif hissələrini, ayrı-ayrı illərin xəritələri əsasında müəyyən etməyə hazırdır. Qazaxın yaşayış məntəqəsi olan 4 kəndi erməni tərəfi təhvil verir. Burada məntiqi məsələ var. Ermənistan 1975-ci ilin xəritələri əsasında sərhədlərin dəqiqləşməsini təklif edib. Amma istənilən ilin xəritələri göstərir ki, bu ərazilər Azərbaycana aid olub. Bu baxımdan həmin fakt üzrə proses başlayıb".

Tofiq Zülfüqarov vurğulayıb ki, Azərbaycan hökuməti proseslərin danışıqlar yolu ilə həll olunmasına tərəfdardır. Onun sözlərinə görə, rəsmi Bakı artıq öz mövqeyini sübut edib: "Hansısa vasitəçi olmadan birbaşa təmaslar nəticəsində məsələ öz həllini tapıb. Anklavlarla bağlı fərqli yanaşmalar var. Sovet dövründə ayrı-ayrı illərdə xəritələr mövcuddur. 1920-ci ildən 1975-ci ilə aid administrativ sərhədlər olub. Göyçə gölünün ərazisi Azərbaycanın razılığı olmadan qarşı tərəfə verilib. Eyni zamanda tarixi Zəngəzur bölgəsi sovet dövründə Ermənistana verilən ərazidir. Əgər Ermənistan 1975-ci ilin xəritələrini ortaya qoyursa, Azərbaycan da müxtəlif illərin xəritələrini fakt kimi masaya gətirə bilər və həmin ərazilər ətrafında danışmaq olar. İndi Azərbaycana təhvil verilən 4 kənd isə daha çox rəmzi xarakter daşıyır".
26.04.2024 12:37:00
Oxuma sayı: 593