Kəlbəcərin Zallar və Zar kəndləri yenidənqurmaya hazırlanır
Ölçü:


Prezident İlham Əliyevin bu ilin mayında Kəlbəcər ə səfəri zamanı təməlini qoyduğu Zallar kəndinin tikintisi üçün hazırlıq işlərinə başlanıb. 

Koordinat.az xəbər verir ki, həmin kəndin yenidən qurulması ilə əlaqədar söküntü işlərini aparan şirkət də müəyyənləşib. Belə ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun bununla bağlı elan etdiyi tenderə yekun vurulub. “Kəlbəcər rayonunda 487 ailəlik (birinci mərhələdə -350 ailəlik) Zallar kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar mövcud dağılmış, sökülmüş yaşayış binalarının və digər tikililərin söküntü işləri” tenderinin qalibi  “Amozone” MMC olub. Tenderin nəticələrinə uyğun olaraq qalib seçilmiş şirkətə müqavilə üzrə öhdəliklərini yerinə yetirmək üçün 353 min 581 manat ödəniləcək.

Xatırladaq ki, Zallar kəndində ümumilikdə 487 ailənin məskunlaşması nəzərdə tutulub. Yaşayış məntəqəsinin salınması üçün 20 illik perspektiv və həmin müddətdən sonrakı inkişaf nəzərə alınmaqla 137 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 350 ailənin köçürülməsi üçün birmərtəbəli fərdi evlərin inşası planlaşdırılır. Tikiləcək 350 evin 100-ü ikiotaqlı, 167-si üçotaqlı, 57-si dördotaqlı, 26-sı isə beşotaqlı olacaq. Burada, həmçinin 360 şagird yerlik məktəb, 120 yerlik uşaq bağçası inşa ediləcək.

Zallar kəndində əhalinin məşğulluğunun və istirahətinin təmin edilməsi üçün hər cür şərait yaradılacaq, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək. Burada evlərin və küçələrin işıqlandırılmasında “yaşıl enerji”dən istifadə olunacaq.

Bundan başqa, rayonun Zar kəndidə də analoji işləri həyata keçirəcək şirkətin adı məlum olub.  “Kəlbəcər rayonunun 855 ailəlik (birinci mərhələdə -547 ailəlik) Zar kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar mövcud dağılmış, sökülmüş yaşayış binalarının və digər tikililərin söküntü işləri” tenderinin qalibi  “Amozone” MMC seçilib. Bu şirkətə işlərin icra olunması üçün 900 min 50  manat ödəniləcək.

12.12.2023 13:37:05
Oxuma sayı: 2492