ABŞ rəsmisi: "Biz heç vaxt Azərbaycanla bağlı bunu deməmişik"
Ölçü:


"Biz heç vaxt Azərbaycanla təmasları dayandırırıq deməmişik".

Koordinat.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik brifinq zamanı deyib. O qeyd edib ki, bu kimi addımlar ABŞ-nin maraqlarına ziddir: "Bu, həm də regionda sülhün və sabitliyin maraqlarına zidd olardı. Biz narahatlıqlarımızı və mövqeyimizi aydın şəkildə bəyan etmək üçün həm Azərbaycan, həm də Ermənistanla birbaşa işləməyə davam edirik. Ermənistanla davamlı sülh əldə etmək üçün əlaqə saxlamağa davam edirik. Bu, bizim diplomatik fəaliyyətimizin diqqət mərkəzindədir".

Xatırladaq ki, bir müddət əvvəl Prezident İlham Əliyev ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığında köməkçisi Ceyms Obraynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində ölkəmizlə bağlı səsləndirdiyi fikirlərin qərəzli olduğunu, həqiqəti əks etdirmədiyini və Azərbaycan tərəfindən rədd edildiyini bildirib.

Blinken münasibətlərin normallaşdırılması məqsədilə dekabrda Obraynın Azərbaycana səfərinə icazə verilməsini xahiş edib. Prezident İlham Əliyev həmin təkliflə bir şərtlə razılaşıb ki, bu səfərdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın. Dövlət katibi Blinken bunu qəbul edib.
06.12.2023 13:41:00
Oxuma sayı: 2624