Füzuliyə köç yekunlaşır, növbə Şuşanındır
Ölçü:


İşğaldan azad edilmiş Füzuli şəhərinin bərpası çərçivəsində inşa edilmiş binaların məskunlaşdırılması başa çatır. Azərbaycan ədəbiyyatının klassik nümayəndəsi Məhəmməd Füzulinin adını daşıyan şəhərə  köçün növbəti mərhələsi gələn il, yenidən tikilən binaların inşası başa çatdırıldıqdan sonra davam edəcək.

Koordinat.az xəbər verir ki, indiyədək birinci mərhələ üzrə Füzuli şəhərində 744 ailənin, 2839 nəfərin daimi məskunlaşması təmin edilib. Yaxın günlərdə isə mənzil bölgüsündə iştirak etmiş ailələrin yola salınması ilə bu il ərzində Füzuli şəhərinə köçə yekun vurulacaq. Bundan sonra köç növbəsi Şuşa şəhərinə çatır.

Qırx dörd gün müharibədə qəhrəman Azərbaycan əsgərinin yüngül silahlarla qayalara dırmaşmaqla düşmən tapdağından azad etdiyi əzəmətli Şuşa. Vətən müharibəsinin qələbə simvoluna çevrilmiş alınmaz qala.

Keçmiş məcburi köçkünlərin Şuşa şəhərinə qaytarılmasına gələn ay başlanılacaq. Belə ki, may ayında Şuşa şəhərinə ilk köç karvanı yola salınacaq. Bu mərhələdə Şuşada yeni qurulan yaşayış massivində 370 ailə mənzillə təmin olunacaq. 

Ümumilikdə isə 2026-cı ilin sonuna qədər Şuşa şəhərində 110 yaşayış binasından ibarət kompleksin tikintisi başa çatdırılmalıdır. Yaşayış kompleksindəki binalar dörd, beş və ya altımərtəbəli olacaq. Bu isə təxminən 8000 keçmiş məcburi köçkünün doğma şəhərində mənzillə təmin olunması deməkdir.
25.04.2024 10:52:00
Oxuma sayı: 531