4 kənd razılaşmasında istinad nöqtəsi: Almatı Bəyannaməsi daha çox kimin xeyrinədir...
Ölçü:


Sərhədin müəyyənləşməsinin Qazax istiqamətindən başlaması və işğalda olan kəndlərdən anklav olmayan 4-nün qayıtması ilə bağlı Ermənistanın təbliğatında bir mühüm detal var: sərhədlərin delimitasiya və demarkasiyasının Almatı Bəyannaməsinə uyğun razılaşdırılması. Bu, nə deməkdir və Ermənistan 19 aprel razılaşmasını niyə uğuru adlandırır?

Koordinat.az xəbər verir ki, siyasi şərhçi Asif Nərimanlı mövzunu şərh edərkən 4 kəndlə bağlı razılaşmada bu məqam Ermənistan üçün çox vacib amildir. Onun sözlərinə görə,  Ermənistanın məqsədi sərhədin SSRİ dağılanda mövcud olan xətlər üzrə müəyyənləşməsidir: "Dörd kəndlə bağlı razılaşma onlara bunun üçün rəsmi istinad nöqtəsi verdi. Razılaşmada qeyd olunur ki, tərəflər delimitasiya prosesində 1991-ci il Almatı Bəyannaməsinə əsaslanacaqlarına dair razılaşıb və bunu baza prinsipi olaraq götürürlər. Bu prinsip delimitasiya ilə bağlı hazırlanan əsasnaməyə də daxil edilir. Almatı Bəyannaməsinə istinad edilməsi Ermənistan üçün ona görə əhəmiyyətlidir ki, sərhədin digər hissələrinin delimitasiyasında bu əsasnaməyə istinad edərək iki məsələni irəli sürəcəklər: Birincisi, sərhədin SSRİ dağılanda mövcud olan xətlərə uyğun müəyyənləşdirilməsidir. Paşinyan da bildirdi ki, 19 aprel razılaşması yeni sərhədin çəkilməsi məsələsini arxa plana keçirir. İkincisi, SSRİ dağılanda mövcud olan sərhəd xətlərinin əsas götürülməsi qoşunların geri çəkilməsini şərtləndirir. Bununla ordumuzun 44 günlük müharibədən sonra nəzarətə götürdüyü strateji yüksəkliklərdən imtina etməsinə nail olmaq istəyirlər. Ermənistan bu amillərə görə 19 aprel razılaşmasını uğur adlandırır".

Belə çıxır ki, sərhədlərin Almatı Bəyannaməsinə uyğun müəyyənləşdirilməsi Azərbaycanın strateji maraqlarına ziddir. Çünki bu həm qoşunların geri çəkilməsini şərtləndirir, həm də SSRİ dövründə əkin və otlaq adı altında ermənilərə bağışlanan torpaqlarımız gündəmdən çıxarır. Asif Nərimanlı də Ermənistanın bu niyyətdə olduğunu düşünür. Amma onun fikrincə, sərhədin 1991-ci il xəttinə uyğun müəyyənləşdirilməsinin Azərbaycan tərəfindən qəbul ediləcəyi ehtimalı azdır: "Rəsmi Bakı bu məsələdə strateji gediş etdi, 4 kəndin qaytarılmasına nail olmaq üçün 19 aprel razılaşmasına İrəvanın istədiyi Almatı Bəyannaməsinə istinadın salınmasını qəbul edib, amma həm də sərhədin digər hissələrinin delimitasiyasında baza prinsipinin dəyişdirilməsi üçün istinad nöqtəsi yaradıb. Razılaşma sənədində qeyd olunur ki, əgər gələcəkdə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişdə başqa cür qərara gəlinərsə, o zaman Əsasnamənin müvafiq bəndi bu Sazişlə müəyyənləşdirilmiş prinsiplərə uyğunlaşdırılacaq. Bu o deməkdir ki, Azərbaycan Ermənistanla sülh sazişində delimitasiya prinsiplərini dəyişdirə və 19 aprel razılaşmasının müvafiq bəndini sıradan çıxara bilər. Bu baxımdan, sərhədin digər hissələrinin delimitasiyasında Almatı Bəyannaməsinə istinadən 1991-ci il xətlərinin götürülməsi qəbul edilməyəcək".

Siyasi şərhçi Azərbaycan sərhədin delimitasiyası üzrə iki yanaşma sərgilədiyini deyib. . Bunlardan birincisi xətlərin keçmiş xəritələrə uyğun çəkilməsidir ki, bu da Azərbaycan Xalq Cümhuriyyəti dövrünün və sovetləşmə başlayanda mövcud olan illərin xəritələrinə istinad edilməsini nəzərdə tutur: "İkinci yanaşmaya görə heç bir xəritəyə, eləcə də 1991-ci il xətlərinə istinad edilmir, sərhəd birbaşa yerdə hissə-hissə müəyyənləşdirilir. Bu o deməkdir ki, hər iki tərəf hazırda dayandığı ərazidə qalır və sərhəd xətti bu formada müəyyənləşir. Beləliklə, Ermənistanın qoşunların geri çəkilməsi ilə bağlı tələbi arxa plana keçir. Bu, keçmiş xəritələrin əsas götürülməsi aktuallığını itirəcəyi təqdirdə Bakının həll variantıdır".
24.04.2024 09:51:00
Oxuma sayı: 650