Özəlləşdirmədən büdcəyə daxilolmalar 2 dəfə artıb
Ölçü:

Bu ilin I yarısında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) özəlləşdirmə hesabına dövlət büdcəsinə 60,5 milyon manat köçürüb.

Koordinat.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur. Bununla da yarımillik büdcə proqnozuna 122,5 % əməl olunub.

Hesabat dövründə Dövlət Xidməti 28 hərrac keçirib. Hərraclarda 7 səhmdar cəmiyyətinin səhm paketi, 11 kiçik dövlət müəssisəsi, 2 yarımçıq tikili sahəsi, 259 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərraca çıxarılmış dövlət əmlakı üzrə 148 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 31 onlayn qoşulma reallaşıb. Birinci yarımillikdə hərrac vasitəsilə 18 faydalı qazıntı yatağı sahibkarların istifadəsinə verilib.

Altı ay ərzində investisiya müsabiqələri vasitəsilə özəlləşdirilmiş müəssisələrə ümumilikdə 10,4 milyon manata yaxın investisiya qoyulub və həmin müəssisələrdə 50-dən çox yeni iş yeri yaradılıb.
21.07.2023 14:28:00
Oxuma sayı: 4597