Mərkəzi Bank uçot dərəcəsini artırdı
Ölçü:


Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti 2023-cü ildə uçot dərəcəsi ilə bağlı ilk qərarını açıqlayıb.

Koordinat.az xəbər verir ki, faiz dərəcəsi 0.25 faiz bəndi artırılaraq 8.5%-ə, faiz dəhlizinin aşağı həddi 0.5 faiz bəndi artırılaraq 6.75%-ə, faiz dəhlizinin yuxarı həddi isə 0.25 faiz bəndi artırılaraq 9.5%-ə qaldırılıb. Qərar daxili və xarici mühitdə inflyasiyaya artırıcı və azaldıcı təsir göstərən amillərin dinamikası nəzərə alınmaqla verilib.

Qeyd edilib ki, dünya enerji və ərzaq qiymətlərinin stabilləşməsi şəraitində 2022-ci ilin IV rübündən başlayaraq ticarət tərəfdaşı olan ölkələrdə inflyasiya tədricən azalmağa başlayıb. Əksər ölkələr tərəfindən pul siyasətinin sərtləşdirilməsi qlobal iqtisadi aktivliyin faktiki və gözlənilən dinamikasına da təsir göstərir. Beynəlxalq konyunkturun tədiyə balansı baxımından Azərbaycan üçün əlverişli olaraq qalması, habelə ölkənin strateji valyuta ehtiyatlarının artması qiymət sabitliyinin əsas lövbəri olan məzənnə sabitliyini gücləndirir. Son proqnozlar da 2023-cü ildə cari hesabın profisitli olacağını gözləməyə əsas verir. Manatın nominal effektiv məzənnəsinin möhkəmlənməkdə davam etməsi inflyasiyanın xarici mənşəli xərc amillərini əhəmiyyətli neytrallaşdırır.

Bununla belə inflyasiya mühiti, o cümlədən tələb və təklif amillərinin gözlənilən dəyişimi ilə bağlı qeyri-müəyyənliklər yüksək olaraq qalır. Geosiyasi gərginliyin davam etməsi və bəzi aparıcı iqtisadiyyatlarda COVID-19-la bağlı vəziyyət inflyasiyanın xarici mühitini çox dəyişkən edir. Stimullaşdırıcı fiskal siyasət və ölkənin xarici valyuta daxilolmalarının artmasının təsiri altında məcmu tələbin genişlənməsi şəraitində iqtisadi artım öz potensial səviyyəsini üstələyir.

01.02.2023 10:13:00
Oxuma sayı: 6205