Cahangir Qocayev: "İşğaldan azad olunmuş ərazilərin bərpasına dair Baş Planda əhalinin məşğulluğu ön plana çəkilməlidir"
Ölçü:


Azərbaycan Ordusunun düşmənə qarşı həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində işğal altında olan torpaqlarımız artıq düşməndən azad edilib. Hazırda həmin ərazilərin yenidən qurulması, infrastrukturun yaradılması istiqamətində bütün güclər səfərbər olunub.

Koordinat.az xəbər verir ki, Prezident İlham Əliyev bu yaxınlarda Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı ərazilərin bərpası ilə bağlı yeni böyük baş plan tərtib ediləcəyini bildirib. "Biz işğal olunmuş bütün şəhər və kəndlərimizi bərpa edəcəyik. Yeni böyük baş plan tərtib ediləcək, artıq müvafiq göstərişlər verilib. Hər bir şəhər üçün xüsusi baş plan tərtib ediləcək. Burada bütün inzibati binalar, ictimai binalar, məktəblər, tibb ocaqları yaradılacaq. Bütün infrastruktur yaradılacaq. Küçələr salınacaq, parklar, xiyabanlar salınacaq. Bütün şəhərlərdə qələbə abidələri ucaldılacaq və həyat qayıdacaq”.

Şəhərsalma məsələləri üzrə mütəxəssis Cahangir Qocayev hesab edir ki, hər bir ərazi üçün spesifik şəhərsalma planı tərtib olunmalıdır. Onun fikrincə, baş plan hazırlanarkən əhalinin məşğulluğu ön plana çəkilməlidir: “İşğaldan azad olunmuş ərazilərin bərpası xüsusi əhəmiyyət kəsb edir. Bu həm məsuliyyətli, həm də tarixi bir hadisədir. Ona görə də dağıdılmış şəhərlərin baş planı hazırlanarkən bəzi məqamlara diqqət çəkilməlidir. İlk növbədə əhalinin demoqrafik durumu və məşğulluğu ön planda olmalıdır. Çünki nə qədər gözəl şəhərlər salsaq da, lazımı sayda iş yerləri açılmadan həmin əraziləri canlandıra bilmərik. Digər tərəfdən Prezident İlham Əliyev çıxışlarında bildirirdi ki, indi yeni tarix yazırıq. Hesab edirəm ki, biz bu tarixi şəhərsalma layihələrində də görməliyik. Məsələn, yeni tikiləcək binaların yerləşməsi elə olmalıdır ki, bu tarixi yazan şəxsin, yəni İlham Əliyevin nişanəsi qalsın. Yəni, binalar elə düzülməlidir ki, hündür bir zirvədən baxanda həmin binalarda Prezidentin ad və soyadını oxumaq mümkün olsun”.
27.11.2020 16:24:00
Oxuma sayı: 313