Ekspert: "Qarabağda anti-terror əməliyyatları başlamalıdır"
Ölçü:


“İşğalçı Ermənistanın məhz Tovuz rayonunda, Ermənistan-Azərbaycan sərhəddində təxribat törətməsinin bir səbəbi var: Moskvanın reaksiyasını yoxlamaq, Kremlin münasibətini test etmək. Ermənistan KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) üzvüdür. Bu qurumun nizamnaməsinə görə, üzv ölkələrin biri müharibəyə qatılırsa, digər üzv ölkələr həmən reaksiya verməli, dəstək olmalıdırlar”.

Koordinat.az
xəbər verir ki, bu sözləri ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, Paşinyan və komandası bilir ki, Moskva arxalarında durmasa, Azərbaycan Ordusu qısa zamanda bir neçə işğal altındakı rayonu azad edə, bununla da onun hakimiyyətinə son qoya bilər: “Rəsmi Moskva ilə İravanın münasibətləri, yumşaq desəm, rəvan deyil. Paşinyan və komandası bilir ki, Moskva arxalarında durmasa, Azərbaycan Ordusu qısa zamanda bir neçə işğal altındakı rayonu azad edə, bununla da Paşinyanın hakimiyyətinə son qoya bilər. Amma bu zaman Rusiya özünə tam loyal adamı İravanda taxta oturdsa, onun yerini möhkəmlətmək üçün əks-hecum təşkil edə, rəsmi Bakıya təzyiq edərək, hərbi uğuru sıfırlaya bilər. Yəni, bu ssenaridə udan yenə Rusiya, uduzan isə hər iki xalq olacaq”.

Ekspert bir çox məqamlara da aydınlıq gətirib: "Dağlıq Qarabağ və ətraf 7 rayonu işğal altında saxlayan hərbi hissələrin rəsmi yiyəsi yoxdur – Ermənistan bu hərbi qruplara “Dağlıq Qarabağ Respublikası Ordusu”, beynəlxalq aləm isə, “qeyri-rəsmi özünümüdafiə qüvvələri” deyir. Əslində "de-facto" həmin bölgələri Ermənistan ordusu və Rusiya silahı işğal edib və saxlayır. Biz həmin hərbi qrupları “terror dəstəsi” elan edə, Qarabağ və 7 rayonda öz ərazimiz olduğu üçün effektiv anti-terror əməliyyatları keçirə, hissə-hissə terror dəstələrindən torpaqlarımızı təmizləyə bilərik. Belə olanda “de-jure” olaraq, KTMT bizim daxili anti-terror əməliyyatlarına qarışa bilməz.

Bu zaman İravanın iki seçimi olacaq:
1) Rəsmən eriraf edəcək ki, işğal altında olan regionlarımızda öz ordusunu saxlayır;
2) Sadəcə hay-küy salacaq ki, guya Azərbaycan günahsız insanları qırır.

Hər iki mövqeni çox asan, beynəlxalq hüquqla sındırmaq mümkündür. Xankəndi və ətrafında yaşayan yerli sakinlər, erməni əsilli azərbaycanlılarla, Qarabağın erməni icması ilə isə bizim DİN danışıqlara başlayır, yəni, öz vətəndaşlarımızla Daxili İşlər Nazirliyi danışmalıdır. XİN isə ancaq Ermənistanla sərhədlərin toxunulmazlığı və sərhədyani münaqişələrin tənzimlənməsi haqqında danışıq apara bilər.

Qısası, danışıqların formatını, konfiqurasiyasını dəyişməyin, anti-terror əməliyyatlarının vaxtı yetişib. Bunun üçün ən vacib şərt yeni bir daxili formatın – bütün siyasi təşkilatların iştirakı ilə “Milli Etimat Masasının” qurulmasıdır,- deyə, N. Cəfərli bildirib.

13.07.2020 18:14:00
Oxuma sayı: 49