Talassemiya Mərkəzi Hematologiya və Transfuziologiya İnstitutuna birləşdirildi və  TƏBİB-ə verildi
Ölçü:

Prezident İlham Əliyev Milli Hematologiya və Transfuziologiya Mərkəzinin yaradılması haqqında fərman imzalayıb.

Koordinat.az-ın məlumatına görə, fərmanda qeyd edilir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Talassemiya Mərkəzi publik hüquqi şəxsin və B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun birləşmə formasında yenidən təşkili yolu ilə “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin (bundan sonra – TƏBİB) tabeliyində publik hüquqi şəxs statuslu Milli Hematologiya və Transfuziologiya Mərkəzi (bundan sonra – Mərkəz) yaradılsın.

Müəyyən edilsin ki, Mərkəzin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti üç üzvdən ibarət Müşahidə Şurası həyata keçirir;
Mərkəzin fəaliyyətinə cari rəhbərliyi İcraçı direktor həyata keçirir.

3. Mərkəzin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
3.1. Azərbaycan Respublikasının Prezidentinə:
3.1.1. Mərkəzin yenidən təşkili və ləğv edilməsi;
3.1.2. Mərkəzin idarəetmə orqanlarının yaradılması;
3.2. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə:
3.2.1. Müşahidə Şurasının sədr və digər üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

3.3. TƏBİB-ə:
3.3.1. bu Fərmanın 3.1-ci və 3.2-ci bəndlərində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. TƏBİB:
5.1. Mərkəzin nizamnaməsini, strukturunu, işçilərinin say həddini və əməkhaqlarını (o cümlədən əməkhaqqına əlavələri, mükafatları və digər ödənişləri) bir ay müddətində təsdiq etsin;
5.2. Mərkəzin nizamnaməsi təsdiq edildiyi gündən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət etsin;
5.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
6. Mərkəz dövlət qeydiyyatına alındığı günədək Talassemiya Mərkəzi publik hüquqi şəxs və B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu fəaliyyətlərini davam etdirsinlər.

23.12.2019 18:54:00
Oxuma sayı: 362