Şuşadakı otellərdə 104 nəfər daimi işlə təmin olunub
Ölçü:


İşğaldan azad edilmiş ərazilər arasında turizm potensialı ilə seçilən Şuşa şəhərində bu sahənin inkişafına daha çox diqqət yetirilir. 

Koordinat.az xəbər verir ki, Azərbaycan əsgərinin tarix yazaraq bir uğurlu əməliyyatla işğaldan azad etdiyi, Zəfərin rəmzinə və azadlığın simvoluna çevrilən Şuşa təkcə Azərbaycan mədəniyyətinin beşiyi yox, həm də dünyanın turizm şəhəri kimi özünü təsdiqləməyə hazırlaşır.

Dövlət Statistika Komitəsinin hesablamalarına görə, bərpa və yenidən qurma tədbirlərindən sonra Şuşa şəhərində fəaliyyət göstərən mehmanxana tipli turizm obyektlərində çalışan işçilərin sayı ötən il 104 nəfər olub. Şuşa bu sıralamada paytaxt Bakı da daxil olmaqla respublikanın bütün şəhər və rayonları arasında 18-ci yerdə qərarlaşıb.

Statistik hesablamalarda qeyd olunur ki, 2023-cü ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə çalışanların ümumi sayı 13 min 608 nəfər təşkil edib. Ən böyük işçi sayı Bakı şəhərindəki otellərdə olub - 5 994 nəfər.

Qəbələdəki hotellərdəki işçilərin sayı 974, Qubadada 894, Xaçmazda 688 nəfər olub. Zərdabda isə hotel işçilərinin sayı 1, Yardımlıda 3, Ağdaşda və Ağsuda 4 nəfər olub.

Xatırladaq ki, işğaldan azad edilmiş Qarabağ torpaqları bütün imkanları ilə Azərbaycanın ən vacib regionlarından biridir. Yeraltı və yerüstü sərvətlərlə zəngin olan Qarabağın turizm potensialı kifayət qədər genişdir. Burada turizmin bir çox növləri - ekoturizm, dağ turizmi, qış turizmi, ov turizmi, sağlamlıq turizminin inkişafı üçün bütün imkanlar mövcuddur. Qarabağın əsas turizm potensialı Şuşa və Ağdamda çəmlənsə də, regionunun bütün bölgələri müalicə və istirahət üçün yararlı idi. Vaxtilə Şuşa və Ağdam rayonlarında yerləşən məşhur “Şuşa”, “Gülablı” sanatoriyaları, Şuşanın istirahət evləri, məktəblilərin yay tətilində dincəlməsini təmin edən düşərgələr görülən yenidənqurma işlərindən sonra öz füsunkar görkəmlərini tamamilə dəyişəcəkdir. Azərbaycan mədəniyyətinin incisi Şuşa şəhərinin tarixi abidələri, özünəməxsus arxitekturası yeni turizm marşrutlarının yaradılmasına imkan verir. Şuşada Pənahəli xanın sarayı, Yuxarı Gövhər ağa məscidi, Aşağı Gövhər ağa məscidi, Xurşidbanu Natəvanın evi, Molla Pənah Vaqifin məqbərəsi, Şuşa mağara düşərgəsi, Şuşa qalası kimi tarixi abidələr və muzeylər ziyan görsə də, sürətlə bərpa işləri aparılacaq.
30 il sonra hər bir azərbaycanlının köksündə yaraya çevrilən Şuşa arzusunun çin olduğu, yaralarımıza məlhəm olan şəhərə, şəhərimizə doğru yola düşəndə özümüzlə təkcə öz həsrətimizi yox, hər kəsin, Şuşaya getmək istəyən hər kəsin həsrətini aparırdıq.
16.02.2024 14:42:00
Oxuma sayı: 1941