İxtisas seçimi: hansı universitetlər daha çox uğur vəd edir? - ARAŞDIRMA
Ölçü:


Müasir ixtisaslara yiyələnmək, xaricdə təhsil, ingilis dilində kadr hazırlığı kimi vacib üstünlüklər düzgün seçim edənlərə qismət olacaq

2023/2024-cü tədris ili üçün ali məktəblərə tələbə qəbulunun sonuncu və ən məsuliyyətli mərhələsi başlanıb. Qəbul imtahanlarında müvafiq nəticələr göstərərək müsabiqədə iştirak hüququ qazanmış abituriyentlər dünəndən ixtisas seçiminə start verib. İnternet vasitəsilə aparılan bu mərhələ avqustun 28-dək davam edəcək. Həmin tarixədək ixtisas seçimini təsdiqləməyən, yaxud topladığı balla müsabiqə vəziyyətinə uyğun düzgün seçim edə bilməyən abituriyentlər tələbə adını qazanmaq imkanından məhrum olacaq. Odur ki, abituriyentlər bu mərhələdə son dərəcə diqqətli olmalı və bütün mümkün riskləri göz önünə almalıdır.

Bəs, ixtisas seçimi zamanı abituriyentlər nələrə daha çox diqqət yetirməli? Savadlı və bacarıqlı kadr kimi yetişmək, gələcəkdə əmək bazarında layiqli işlə təmin olunmaq imkanı qazanmaq üçün hansı ali məktəbi və ixtisasları seçmək daha uğurlu olar?


İxtisas seçimi mərhələsində bu və ya digər suallar üzərində daha çox düşünməli və gələcəyə yönəlik düzgün qərarlar verməyə çalışmalıdır. Bəri başdan qeyd edək ki, “Abituriyent” jurnalının 4-cü nömrəsində ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu çap edilib. İxtisas seçimində iştirak etmək hüququ qazanmış abituriyentlər imtahan ballarının paylanması, ali təhsil müəssisələrinə ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri və digər zəruri məlumatları dərindən incələməlidir. Bu zaman “Abiruriyent” jurnalında dərc olunmuş materiallar onların düzgün seçim etmələrinə kömək edə bilər. Jurnalların elektron versiyasını Dövlət İmtahan Mərkəzinin (DİM) saytının "Elektron xidmətlər" bölməsindən (http://eservices.dim.gov.az/ejurnal) əldə etmək mümkündür.

İxtisas seçimi zamanı ilk növbədə əvvəlki ilin qəbul imtahanlarının nəticələrinə, müsabiqəyə buraxılımış abituriyentlərin sayına və ixtisaslar üzrə toplanmış bal intervallarına diqqət yetilməlidir. Bu sırada ötən ilin nəticələrinə uyğun populyarlıq qazanmış ali məktəblər və onların ixtisasları da çox önəmlidir.

Hansı universitetlər daha üstündür?


Dövlət İmtahan Mərkəzinin 2022-ci il üçün tələbə qəbulunun nəticələrinə dair elmi-statistik materialları əsasında Azərbaycanın ən nüfuzlu universitetlərinin siyahısı müəyyənləşib. Məlum olub ki, I ixtisas qrupunda orta bal göstəricilərinə görə Bakı Ali Neft Məktəbi (651.500), Dövlət Gömrük Komitəsinin Akademiyası (605.295), ADA Universiteti (594.426), Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (ARPDİA) (586.576), II ixtisas qrupu üzrə ADA Universiteti (582.663), Bakı Ali Neft Məktəbi (524.058), III ixtisas qrupu üzrə Dövlət Gömrük Komitəsinin Akademiyası (566.323), ADA Universiteti (555.185), Milli Aviasiya Akademiyası (542.576), ARPDİA (532.626), IV ixtisas qrupu üzrə isə Azərbaycan Tibb Universitetinin (603.874) ixtisasları üstünlük qazanıb.

Azərbaycanın ən nüfuzlu və populyar ali məktəbləri arasında Bakı Mühəndislik Universiteti də var. Zəngin maddi-texniki bazaya və kadr potensialına malik olan bu universitetin ixtisaslarını seçən abituriyentlərin orta bal göstəriciləri digər ali məktəblərlə müqayisədə daha yüksəkdir. Xüsusilə müasir dövrün tələblərinə uyğun ixtisasları özündə birləşdirən Bakı Mühəndislik Universitetinə (BMU) meyl və maraq son illər yüksələn xətt üzrə inkişaf edir. Ötənilki qəbul zamanı bu universitetin ixtisaslarını seçən abituriyentlərin sayının çox olması müsabiqə vəziyyətində yaxşı rəqabət yaradıb. Məhz bu cür rəqabət və yüksək hazırlıqlı abituriyentlərin seçimi BMU-nu reytinq cədvəllərində önə çıxarıb. Bu, ayrı-ayrı ixtisaslar üzrə qəbulu planının dolma faizində özünü daha çox büruzə verib. Məsələn, mühəndislik ixtisasları üzrə göstəriciləri BMU-nun populyarlığında nümunə kimi öncül yerlərdə qərarlaşıb.   

Yeni ixtisaslar çox önəmlidir

Yeri gəlmişkən, ixtisas seçimi zamanı önəm verilməli olan məqamlardan biri də müsabiqə vəziyyətinin düzgün qiymətləndilməsidir. Belə ki, hər bir ixtisas üzrə müsabiqə vəziyyəti təkcə həmin ixtisası seçən abituriyentlərin sayından deyil, həm də həmin ixtisas üçün ayrılmış plan yerlərinin miqdarından asılıdır. Bir qayda olaraq, abituriyentlərin sayının artması müsabiqə vəziyyətinin yüksəlməsinə, plan yerlərinin artması isə müsabiqə vəziyyətinin aşağı düşməsinə səbəb olur. Nəzərə alsaq ki, seçim zamanı ərizədə birinci yerdə göstərilən ixtisas abituriyentin istəyinə ən çox uyğun olandır, deməli, ixtisasın nüfuzunu həmin ixtisasın abituriyent ərizələrində birinci yerdə göstərilməsinin sayı əsasında müəyyənləşdirmək daha düzgün olar.

Bu il Bakı Mühəndislər Universitetinin bakalavr pilləsində 30 ixtisas üzrə ümumilikdə 1308 plan yeri ayrılıb. Plan yerlərinin 795-i Azərbaycan, 513-ü isə ingilis bölməsinin payına düşür. Bunların arasında yeni açılmış 5 ixtisas da var – Mexatronika və robototexnika mühəndisliyi, Beynəlxalq ticarət və logistika, Marketinq, Kommunikasiya sistemləri mühəndisliyi, Materiallar mühəndisliyi.

Xatırladaq ki, ötən il BMU-nun təkcə Mühəndislik fakültəsində 12 ixtisas üzrə tələbə qəbulu aparılıb. Azərbaycan dili bölməsində qəbul planı 97 faiz, ingilis dili bölməsində isə 85 faiz yerinə yetirilib. 2022-ci ilin tələbə qəbulu nəticələrinə görə bu universitetin ayrı-ayrı ixtisasları üzrə keçid balları aşağıdakı kimi olub (mötərizədəkilər ingilis dili bölməsinə aiddir):
1.İnformasiya təhlükəsizliyi – 537,7
2. İnformasiya texnologiyaları – 534,8 (575,3)
3. Kompüter elmləri – 516,8 (590,4)
4. Kompüter mühəndisliyi – 512,9 (584,2)
5. Proseslərin avtomatlaşdırılması mühəndisliyi – 460
6. Energetika mühəndisliyi – 289
7. Elektrik və elektronika mühəndisliyi – 277,6 (417,6)
8. Mexanika mühəndisliyi – 220,9 (291,8)
9. Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi – 216,6
10. Nəqliyyatda servis (avtomobil nəqliyyatı üzrə) – 213,9
11. Maşın mühəndisliyi – 203,6
12. Radiotexnika və telekommunikasiya mühəndisliyi – 200.

2023/2024-cü tədris il üçün BMU–nun Mühəndislik fakültəsində 13 ixtisas  üzrə qəbul aparılır. Bundan başqa, bu il əlavə olaraq daha 3 ixtisas (Elektrik və elektronika mühəndisliyi, Logistika və nəqliyyat texnologiyaları və Proseslərin avtomatlaşdırılması mühəndisliyi) üzrə ingilis dili bölməsinə tələbə qəbulu nəzərdə tutulub. Bununla da BMU-nun populyar ixtisaslarının cəmləşdiyi Mühəndislik fakültəsində ingilis dilində tədris olunacaq ixtisasların sayı 7-yə çatır. Bunlar aşağıdakılardır:
1.Kompüter elmləri
2. Kompüter mühəndisliyi
3. İnformasiya texnologiyaları
4. Elektrik və elektronika mühəndisliyi
5. Proseslərin avtomatlaşdırılması mühəndisliyi
6. Mexanika mühəndisliyi
7. Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi.

Niyə Bakı Mühəndislik Universiteti?

Yuxarıda qeyd etdiyimiz kimi, müasir ixtisaslara yiyələnmək və gələcəkdə əmək bazarında layiqli işlə təmin olunmaq və karyera yüksəlişində nailiyyətlər qazanmaq ali məktəb və ixtisas seçimindən çox asılıdır. Mühəndislik sahəsində yüksək ixtisaslı kadrlar yetişdirən BMU məhz bu kontekstdə abituriyentlərin arzu və istəklərinə cavab verə biləcək öncül universitetlərdən hesab olunur. Müasir tədris və təlim təcrübəsi əsasında fəaliyyət göstərən BMU üç mühüm faktora görə digər ali məktəblərdən əhəmiyyətli dərəcədə fərqlənir:
1.İxtisas və kadr hazırlığının müasir dövrün tələblərinə uyğunlaşdırılmasında çeviklik;
2. İngilis dilində təhsil almaq imkanının genişliyi;
3. Xarici universitetlərlə mübadilə proqramı çərçivəsində nəzəri və praktiki biliklərə yiyələnmək imkanı.

Yeni tədris ilinin qəbul planında yer alan 5 ixtisas (Mexatronika və robototexnika mühəndisliyi, Beynəlxalq ticarət və logistika, Marketinq, Kommunikasiya sistemləri mühəndisliyi, Materiallar mühəndisliyi) üzrə kadr hazırlığına başlanması da məhz bu məqəsdlərə xidmət edir. Məsələn, kommunikasiya sistemləri mühəndisliyini bitirən gənc mütəхəssislər nеft və qaz sahəsində fəaliyyət göstərən dövlət qurumlarında, eləcə də kəmərlərin çəkilişi və istismarı ilə məşğul оlan хarici şirkətlərdə, bеynəlхalq magistral qaz kəmərlərinin istismarı idarələrində çalışmaq fürsəti qazanırlar. Bu kadrlara еkоlоgiya və ətraf mühitin qоrunması ilə məşğul оlan dövlət qurumlarında, vеntilyasiya və kоndisiоnеr sistеmlərinin layihələndirilməsi, quraşdırılması ilə məşğul оlan layihə institutları, yеrli və хarici şirkətlərdə, istilik-еlеktrik mərkəzlərinin tikintisi və istismarı ilə məşğul оlan qurumlarda da hər zaman ciddi tələbat var.

Yaxud, BMU-nun I qrupa aid Elektrik və elektronika mühəndisliyi, İnformasiya texnologiyaları, İnşaat mühəndisliyi kimi ixtisaslarda kadr hazırlığı Koreya Respublikasının İNHA universiteti ilə birgə ikili diplom proqramları üzrə dövlət sifarişi əsasında aparılır. Bu isə o deməkdir ki, həmin ixtisaslarda təhsil alan tələblər həm də İNHA universitetinin diplomunu alacaq. Bir şərtlə ki, bu ixtisasları 400 və daha çox bal toplamış abituriyentlər seçə bilər.

Elxan SALAHOV
17.08.2023 14:43:00
Oxuma sayı: 5664