Zəngəzur dəhlizi gələn il reallaşa bilər
Ölçü:

ABŞ Kəşfiyyatı bu yaxınlarda açıqlanan hesabatında Zəngəzur dəhlizi uğrunda toqquşma ola biləcəyi barədə xəbərdarlıq qeyd edib. Bəzi ekspertlər Azərbaycanın Qazaxın 4 kəndinin qaytarılmasından sonra növbəti hədəfinin Zəngəzur dəhlizi ola biləcəyini düşünür.

Koordinat.az xəbər verir ki, Prezident İlham Əliyev də Zəngəzur dəhlizi və ya Azərbaycanın Şərq hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında yol əlaqəsinin labüdlüyünü daim bildirib. Ermənistan isə 10 noyabr 2020-ci il tarixdə imzalanmış Üçrərəfli Bəyanatda Zəngəzur dəhlizi ilə bağlı üzərinə götüerdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır. 

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Arzu Nağıyev söyləyib ki, Ermənistan Zəngəzur dəhlizi açılmasın deyə delimitasiya və demarkasiya məsələsin məhz Qazax istiqamətdən başlamağa çalışır. Onun fikrincə, bu, həm vaxt udmaq, eyni zamanda status-kvonu saxlamaq cəhdididr: "Bundan başqa yeni bir mühafizə qurumu yaratmaqla Rusiya sərhəd qoşunlarının gələcəkdə Zəngəzur dəhlizini qorumaqdan uzaqlaşdırmaq istəyirlər. Məlumdur ki, İran yolu işləyəcəkdir. Lakin belə alternativ olsa da, Qərb dövlətləri bu yoldan istifadədə tərəddüd edəcəklər. Rusiya İranla razılığa gələ bilər, lakin bu gün Rusiya üçün də Zəngəzur dəhlizinin açıq olması vacibdir və İranla İsrail, istərsə də digər dövlətlərin gərgin münasibətlərindən doğa biləcək hər hansı təzahür yaranarsa, Zəngəzur dəhlizi bir xilas yoludur".  

Deputat vurğulayıb ki, həm Qərb,həm də Rusiya Zəngəzur dəhlizinin açılmasında maraqlıdırlar və Ermənistanın buna razılıq verib-verməməsi o qədər də əhəmiyyət kəsb etmir: "Ermənistan da Qərbin ondan Rusiya ilə gərginliyi artırmaq üçün vasitə kimi istifadə etdiyini anlayır. Lakin başqa çıxış yolu olmadığını da başa düşür. Perspektivdə maraqlı dövlətlərin Ermənistana ciddi təsiri nəticəsində bu yol açılacaqdır. Bu, tək regional dövlətlər deyil, beynəlxalq səviyyədə lazımdır. Bir sözlə, yol açılamalıdır və açılacaqdır..."

Milli Məclisin digər bir deputatı Naqif Həmzəyev bildirib ki, Azərbaycan sülh üçün əlindən gələni edir. Onun sözlərinə görə, Ermənistana təzyiq olmasa, 2025-ci ilin sonu, 2026-ci ilin əvvəlində Zəngəzur dəhlizi aktiv istifadədə olacaq: "Hazırda Ermənistan və Azərbaycanın şimal-qərb ərazilərindən sərhədlərin delimitasiya proseslərinə start verilib. Lakin cənuba doğru getdikcə çoxlu mübahisəli ərazilər olacaq. Xüsusilə də, cənuba yaxınlaşdıqca Zəngəzur dəhlizinin açılması məsələsi gündəmə gələcək. Azərbaycan Ermənistanın heç bir nəzarət mexanizmi olmadan Zəngəzur dəhlizinin işə düşməsinin tərəfdarıdır. Bu sadəcə dəmiryolu və quru yolu deyil, eyni zamanda enerji resurslarının daşınmasını həyata keçirəcək dəhlizdir. Ermənistan Azərbaycanla Naxçıvan arasındakı əlaqənin bərpasını təmin etmək öhdəliyini üçtərəfli bəhyanatda üzərinə götürüb. Azərbaycan hazırda danışıqlar prosesində bu məsələləri mütəmadi olaraq müzakirə edir. Çünki Zəngəzur dəhlizi açılmadan heç bir sülhdən söhbət gedə bilməz. Ona görə ki, Zəngəzur dəhlizi bizim üçün prinsipial məsələdir. Əgər delimitasiya prosesi mərhələli şəkildə uğurla davam edərsə, bizim növbəti  4 kəndimiz geri qaytarılarsa, eyni zamanda Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı real işlər görmək niyətini ortaya qoyarsa, hətta həmin Ermənistan ərazisindəki həm avtomobil, həm dəmiryolu, həm də digər tunellərin enerji resurlsarının keçməsi üçün lazımi xətlərin çəkilməsini  Azərbaycan özü də maliyyələşdirə bilər. Yetər ki, Ermənistan səmimi olsun. Bu xətt açıldıqdan sonra biz Ermənistanla digər ərazilərdən də kommunikasiyaların açılmasınnın və bərpasının şahidi ola bilərik. Biz yalnız Naxçıvandan yox, Ermənistan içərisindən də Türkiyəyə gedə bilərik. Düşünürəm ki, Ermənistan da bu məsələlərə isti baxır. Sadəcə ortada zaman məsələsi var. Ermənistanın havadarları ona təsir və təzyiq göstərməzsə, Ermənistan da öz mövqeyində qalrsa, ilin sonuna qədər sülh sazişinin imzalanmasına şahidlik edə və Zəngəzur dəhlizinin açılması üçün Ermənistan ərazisində tikintilərə başlaya bilərik.  Buna 2024-cü ildə başlasaq, düşünürəm ki, 2025-ci ilin sonu, 2026-ci ilin əvvəlində Zəngəzur dəhlizinin aktiv istifadəsinə şahidlik edəcəyik".
02.05.2024 10:56:00
Oxuma sayı: 670