4 kəndin qaytarılması Ermənistanın müstəqilliyini möhkəmləndirə bilər
Ölçü:


"Dörd kəndin qaytarılması barədə qərar əlbəttə, Azərbaycan üçün nailiyyətdir. Lakin bu razılaşma Ermənistan üçün də mühüm əhəmiyyət daşıyır".
 
Koordinat.az
xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərlə söhbətində sərhədlərin delimitasiyası üzrə komissiyaların görüşündə əldə olunmuş razılıq qərarına istinadən bildirib. O, deyib ki, əldə edilən razılıq sayəsində Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıyıb: "Tərəflər təsdiqləyiblər ki, yeni sərhəd yaradılmır, SSRİ-nin süqutu zamanı mövcud olan sərhəd de-yure bərpa olunacaq".

Paşinyan vurğulayıb ki,  bu fakt Ermənistanın suverenliyi və müstəqilliyinin möhkəmləndirilməsinin növbəti mərhələsi üçün açar hesab edir: “Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıdığını artıq ikitərəfli imzalarla təsdiqlədi. Bu təməl daşıdır və bu təməl daşının ətrafında tikinti və yaradılma prosesini həyata keçirə bilməliyik".

Erməni Baş nazir onu da deyib ki, işğal altındakı 4 kəndin Azərbaycana qaytarılması barədə qərar Ermənistanın Baganis-Kirants-Voskepar bölgəsində sahib olduğu üstünlüyü əhəmiyyətli dərəcədə azaldacaq: “Tavuş bölgəsində razılığa gəldik, lakin biz həm də sərhədin sonrakı demarkasiyası prosesi üçün əsas prinsipi qəbul etdik. Bu, o deməkdir ki, biz danışıqlar masası arxasına əyləşə və bütün mübahisəli məsələləri həll edə bilərik. Artıq əldə olunmuş razılaşmalar var”.

Xatırladaq ki, Ermənistan tərəfi Qazaxın işğal altındakı 4 kəndini Azərbaycana qaytarmağa razılaşıb. Bu razılıq aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası Baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mqer Qriqoryan arasında sərhəddə keçirilmiş görüşdə əldə olunub. Söhbət 1991-1992-ci illərdə işğal olunmuş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı yaşayış məntəqələrindən gedir.

Razılığa əsasən, sərhəd xəttinin bu kəndlər yerləşən hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə uyğun şəkildə dəqiqləşdirilərək tərtib ediləcək. Bu, Tərəflər arasında 15 may 2024-cü il müddətinədək müvafiq Protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır.

Tərəflər anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini də davam etdirmək barədə razılığa gəliblər.
22.04.2024 09:47:00
Oxuma sayı: 509