Ərzaq buğdasının 70 faizi xaricdən alınır
Ölçü:


Azərbaycanda 1 milyon hektar sahədə taxıl əkini aparılır. Bunun 650 min hektarı buğda sahələridir. 

Koordinat.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin (KTN) İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov Modern.az-a bildirib. O, qeyd edib ki, hazırda ölkəmizdə buğda üzrə orta məhsuldarlıq 31 sentnerdən yuxarıdır: "Azərbaycanda ildə 2 milyon tona yaxın buğda istehsal olunur. Azərbaycanın buğdaya cəmi tələbatı 3,2 - 3,3 milyon tondur. Hazırda buğda ilə özünü təminat səviyyəsi 59-60% təşkil edir”.

İqtisadçı ekspert Natiq Cəfərli isə bildirib ki, Azərbaycanın ərzaq buğdasına olan illik təlabatı 1,8 milyon tona yaxındır. Onun sözlərinə görə, bunun 1,3 milyonu xaricdən alınır: “Xaricdən asılılığımız 70 faiz civarındadır. Bu da kifayət qədər yüksək rəqəmdir. Daxildə dənli bitkilər istehsalı var. Amma çox təəssüf ki, keyfiyyətlə bağlı ciddi problemlər olduğundan həmin dənli bitkilərin daxili istehsalının böyük əksəriyyəti yem kimi istifadə olunur. Yəni, əmtəəlik buğda kimi ancaq 25-30 faiz özümüzü təmin edə bilirik. Bu da ciddi problemdir”.

Ekspert qeyd edib ki, xaricdə baş verən qiymət dəyişiklikləri dərhal ölkə daxilinə təsir göstərir: “Son iki ildə dünya bazarında ərzaq buğdasının qiymətinin tonu 2019-cu ildə 180 dollardan, 2021 -ci ilin dekabrında isə 340 dollara qədər bahalaşıb. Bu da Azərbaycanda qiymət artımına səbəb olan əsas amillərdən birinə çevirildi. Bizim bütün təbii şəratimiz var ki, özümüzü ərzaq buğdası ilə təmin edək. Sadəcə keyfiyyətsiz olduğundan, seleksiyanın bərbadlığı, toxumçuluq və suvarma ilə bağlı problemlərin olduğundan təəssüf ki, bu günə qədər bu hədəfə çata bilməmişik”.

N.Cəfərli işğaldan azad olunmuş ərazilərdə əkin sahələrinin artırılmasında böyük potensial olduğunu qeyd edib: “Sözsüz ki, bu ərazilərin bizim kənd təsərrüfatına böyük müsbət təsiri olacaq. Amma söhbət tək ərazidən getmir. Həmin ərazidə əkilən buğdanın keyfiyyətindən, onun toxumundan, aqrotexniki qaydalardan, suvarma və gübrə probleminin həllindən, yəni qısacası, elmi yanaşmadan gedir. Elmi yanaşma düzgün olacaqsa, təbii ki, özümüzü təmin edə bilərik. Hətta işğaldan azad olunmuş torpaqların potensialından düzgün istifadə etsək, bir müddətdən sonra taxıl ixracatçısına da çevrilə bilərik”.

Ekspert Həzi Eynalov deyib ki, Azərbaycan taxıla olan təlabatın çatışmayan hissəni Rusiya və Qazaxıstandan alır: “İstehsal maliyyəsi bütün dünyada artır. Xüsusən qida inflyasiyası dünyada ən böyük problemli inflyasiyadır. Bu hal regiondakı bütün ölkələr, hətta inkişaf etmiş ölkələrə də aiddir. Dünyada gedən proseslərin qiymət artımına təsiri var. Bizim üçün hazırda ən prespektivli hal işğaldan azad olunmuş ərzilərdə əkin proseslərinin başlanmasıdır. Yəqin ki, qarşıdakı illərdə taxıl idxalından asılılıq problemi nisbətən azalacaq. Bununla belə, işğaldan azad olunmuş ərazilərdə taxıldan tam təminatımız olsa belə, qiymətlərin aşağı olacağına ümid etmirəm. Çünki bu, ümumi prosesdir və digər faktorlar da rol oynayır. Yəni, çörəyin, yaxud başqa məhsulun qiymət artımını tək faktorla açıqlamaq doğru deyil. Onun xərclərinin artmasına təsir edən digər səbəblər var. Burada daşınma, nəqliyyat xərcləri, əmək prosesləri, vergi məsələlərinin artırılması və s. hallar qeyd olunmalıdır. Bu, sahibkarlar üçün də əlavə yükdür".
05.01.2022 16:34:00
Oxuma sayı: 14814