Öyünməyə haqqımız varmı... - Eldar Sabiroğlu yazır
Ölçü:

Eldar SABİROĞLU,
Keçmiş YAP-çı deputat, Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəisi

Özünəvurğunluq istər fərd, istərsə də toplum olsun, onun üçün böyük bəladır. Müalicəsi yoxdur. Şəxsim olaraq bu xəstəlikdən həmişə uzaq durmağa çalışmışam. Özündənrazıları anlatmaq, inandırmaq, ümumiyyətlə, onlarla danışmaq müşkül məsələdir. Bu cür adamlar şəxsi imiclərini yekəltmək üçün hər rəzilliyə getməyə hazırdırlar. Onları yalnız öz yüksəlişləri düşündürür. Fərdlər kimi bəzən bütöv bir millətin də bu xəstəliyə tutulmasını müşahidə etmək mümkündür.

Bu mənada qədim keçmişimizdən üzü bəri axtara-axtara, arxivlərdə dolaşa-dolaşa öyünməyə, iftixar etməyə millətimizin haqqı olub-olmadığını görmək istəmişəm... Düşüncə və idrakıma hakim kəsilən mütəəssir hisslər mənsub olduğum millətin qəhrəmanlığından ağızdolusu danışmağı mənə imkan vermir. Yalandan öyünməyi isə bacarmıram.Təəssüflər ki, özündənrazılığın əlamətləri millət olaraq bizdən yan keçməyib...Yolsuzluğun batinində ağıl və təfəkkürə yer yoxdur.

Qəhrəmanlıq mənim təsəvvürümdə öz inikasını hər bir xalqın sahibi olduğu evini, əsri ocağını, nəhayət, əcdadların əmanət etdiyi torpağı, dağları, meşələri, yaşıl yamacları, sərin bulaqları, çayları göz bəbəyi kimi qoruyub nəsillərə ötürməkdə tapır. Mən fərdlərin qəhrəmanlığından, vətəni, torpağı uğrunda vuruşaraq şəhid olanlardan danışmıram.

Böyük bir suala cavab istəyirəm. Axı hansı səbəblər, görə bilmədiyimiz hansı qaranlıq mətləblər millətimizi bağışlanılmaz səhvliklərə sürüklədi ki, tarixin bütün dövrlərində itirə-itirə gəlib bu zamana çatdıq?! Sözümün qədəri budur ki, torpaqla rəftarımızı millət olaraq alqı-satqı predmetinə çevirməkdən geri durmadıq və güman etdik ki, nə zamansa verdiklərimizi qaytara biləcəyik.Hey! Hey! Nə günlərə qaldıq Balaş! Öz əcrimizdi, özümüz də çəkməliyik! Bir millət ki, başına açılan faciələri unutdu, ondan qəhrəmanlıq gözləmək əbəsdir!!!

Vaxtı ilə torpaqları düşmənə əl borcu verən və bu gün yenidən hakimiyyət sevgisi ilə alışıb yanan fitnəkar-ədabazın, cinayətkar birisinin meydana çıxmasına millətin susqun münasibətini necə başa düşək!? Gedən-gedib, ancaq dəhşət burasıdır, bir metr torpaq üzərində nəzarətimizi bərpa etməyə belə can atmadıq. Söhbət təkcə indidən getmir. Milli iradəni ortaya qoya bilməməyimiz ucbatından tarixin bütün dönəmlərində çətin problemlərlə üzləşmişik.

Millətin qəhrəmanlığı deyə öyünməyə haqqımız varmı? Bir millət ki, göz yaşı axıtmaqdan doymadı, onun şücaəti, igidlik və qəhrəmanlığı öncə ölür, sonra da özü yoxluğa dönür. Yığılmırıq özümüzə!!! Dərs almırıq nə tarixdən, nə də Şah Xətainın zamanından başlayıb bu günümüzə qədər olan itkilərimizdən!!!
11.05.2020 17:26:00
Oxuma sayı: 195