ADR Hərəkatı: "“Əsrin müqaviləsi” işsizliyi və yoxsulluğu aradan qaldırmadı"
Ölçü:


1994-cü il sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” (AÇG) yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dünyanın 7 ölkəsini təmsil edən 11 beynəlxalq neft şirkəti ilə Saziş imzalanıb. Sazişin icrası dövründə AÇG yatağından 500 milyon tondan çox neft hasil olunub, 2019-cu ilə qədər bu sazişdən Dövlət Neft Fonduna 148,2 milyard dollar vəsait daxil olub. Saziş çərçivəsində yatağın işlənməsinə 40 milyard dollaradək sərmayə qoyulub.

Koordinat.az xəbər verir ki, bu barədə Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının “Əsrin müqaviləsi”nin 25-ci ildönümü ilə bağlı yaydığı bəyanatda deyilir. Bildirilir ki, bu saziş Azərbaycanın müstəqilliyinin qorunması və ona olan təhlükələrin dəf edilməsi, milli iqtisadiyata sərmayə cəlb edilməsi, neft sənayesini müasirləşdirilməsi üçün mühüm əhəmiyyət daşıyır. Amma, sazişdən Azərbaycan xalqının başqa gözləntiləri də var idi: "Gözlənilirdi ki, Azərbaycan dünyanın aparıcı ölkələrini təmsil edən transmilli şirkətlərlə əməkdaşlığa başlayandan sonra beynəlxalq aləmdə Qarabağ probleminə görə ölkəmizin ədalətli mövqeyini dəstəkləyənlərin sayı artacaq və torpaqlarımız tezliklə işğaldan azad olunacaq. Lakin, 25 il ötsə də bu gözlənti özünü doğrultmadı. Gözlənilirdi ki, Azərbaycan neftinin satışından əldə edilən qazanclar ədalətli bölüşdürüləcək, neft gəlirlərini insan kapitalına çevriləcək və hər bir Azərbaycan vətəndaşı ondan bəhrələnəcək. Lakin bu gəlirlər bir tərəfdən hakimiyyətin represiya maşının güclənməsinə, demokratiyaya keçidin əngəllənməsinə, digər tərəfdən də bir qrupun varlanmasına xidmət etdi".

Bəyanatda daha sonra deyilir: "Gözlənilirdi ki, Azərbaycan neftinin satışından əldə edilən gəlirlər işsizliyin azalmasına, yoxsulluğun aradan qaldırılmasına, milli iqtisadiyyatın şaxələnməsinə və modernləşməsinə sərf olunacaq. Lakin bu gözləntilər də baş vermədi, milli iqtisadiyyat hələ də texnoloji gerilikdən və diversifikasiyadan əziyyət çəkir.

Gözlənilirdi ki, neftdən əldə edilən gəlirlər nəsillər arasında bərabər bölüşdürüləcək və onun ən azı yarısı gələcək nəsillər üçün yığıma yönəldiləcək. Əksinə, neftdən əldə edilən gəlirlər daha çox xərcləndi, yeni və əlavə dəyər yaratmayan şişirdilmiş infrastruktur layihələrin icrasına yönəldildi və korrupsiyanın yeminə çevrildi.
Bütün qeyd olunanları nəzərə alaraq ADR Hərəkatı Azərbaycan hakimiyyətini "Əsrin müqaviləsi"nin 25 çi ildönümündə müqavilənin icrasının nəticələri ilə bağlı Xalqa hesabat verməyə çağırir, hakimiyyətdən neft gəlirlərinin səmərəsiz istifadəsinə və ədalətsiz bölgüsünə son qoymağı, neft pullarının xərclənməsində şəffaflığı artırmağı və korrupsiyanı aradan qaldırmağı tələb edir.
18.09.2019 17:52:00
Oxuma sayı: 209