Bayılda yaşıllığı məhv edirlər - icra hakimiyyəti xəbərsizdirmi?
Ölçü:

Paytaxtın Xəzərə baxan ən gözəl ərazilərindən olan Bayılda yeni inşa edilmiş binaların, xidmət obyektlərinin qarşısında heyranedici dəniz mənzərəsi, göz oxşayan genişlik diqqəti cəlb edir. Ərazinin köhnə, yöndəmsiz tikililərdən təmizlənmiş bir sıra hissələrində isə son illərdə yaşıllıq  zonaları yaradılıb.

Belə zonalardan biri də Bayıl qəsəbəsində Neftçilər prospekti ilə Qurban Abbasov küçəsinin kəsişməsində salınıb. Təxminən, üçbucaq formasında olan, təxminən, 1000 kvadratmetrlik bu ərazidə 2012-ci ildə Bakıda keçirilən Avroviziya mahnı musabiqəsinə hazırlıq ərəfəsində 350 ədəd bahalı dekorativ ağac əkilib.  Həmin ağaclardan bir ədədinin indiki bazar qiyməti 800 manata yaxındır.

Bu ağacaların xaricdən alınıb gətirilməsi və əkilməsi ilə bağlı bütün xərcləri yerli iş adamları çəkiblər. Lakin son 3 ildə bu yaşıllıq zonanın salınmasına sərf olunan əməyi və vəsaiti heçə çıxarmaq istəyənlər peyda olub. Həmin ağacaların mütəmadi olaraq kimlər tərəfindənsə, sözün həqiqi, “kimyəvi hücum”a məruz qaldığını ehtimal etmək mümkündür. Belə ki, o qədər də böyük olmayan, amma Bayıl yamacının florasında öznüməxsus yer tutan yaşıl ərazi getdikcə “keçəlləşir”, ağaclar bir-bir yoxa çıxır.

Bu barədə istiqlal.az-a ərazidəki mənbələrdən məlumat daxil olub.  Mənbə redaksiyaya 2015 və  2018- ci illərdə çəkilmiş fotoları təqdim edib. Dekorativ ağacların məhz son 3 ildə mərhələlərlə “yoxa çıxdığı” güman edilir. Ağacların oğurlandığı, yoxsa baxımsızlıqdan məhv edildiyi bəlli deyil.

Məsələni araşdırmaq üçün istiqlal.az-ın əməkdaşı həmin ərazidə olub. Doğurdan da, ərazidəki ağacaların çoxu “yoxa çıxmışdı”.

Massivə yaxın evlərdə yaşayan sakinlərin sözlərinə görə, şəhərin mərkəzindən 2-2,5 km aralıda yerləşən ərazi çox bahalıdır və təsadüfü işbazların hədəfində ola bilməz. Bura kimin gözü düşübsə, çox hiyləgər adamdır. Çünki ərazini ağacları tədricən məhv etmək kursu seçilib. Güman ki, imtiyazlı zümrəyə mənsub olan iş adamıdır. Ona görə də icra hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi göz yumur – deyə sakinlər vurğulayıb.

Araşdırmalarımız zamanı bəlli oldu ki, paytaxtın ekologiyasına qəsd hesab edilməli olan vəziyyət haqqında KİV-in həyəcan siqnalına Səbail Rayon İcra Hakimiyyətindən reaksiya verilmir. Cavabdeh olduğu ərazidə hər ağacın qorunmasına qayğı göstərməli olan icra hakimiyyətinin belə susqunluğu ən arzuolunmaz ehtimallar və  şübhələr doğurur. Belə çıxır ki, yaşıl zolağı özü üçün gəlir mənbəyinə çevirmək  və bu məqsədlə ərazini ağaclardan təmizləyib adicə torpaq sahəsi kimi ələ keçirmək istəyən  naməlum iş adamı artıq dövlət qurumları ilə “anlaşıb”.

Təqdim etdiyimiz şəkillərdən biri 2015-cü ildə, ağacların mövcud olduğu, yaşıllığın əraziyə, həqiqətən, yaraşıq verdiyi vaxtlarda, digəri isə 2018-ci ilin iyununda – ağacların bir hissəsi artıq yoxa çıxarılandan sonra çəkilib. Yaşıllığa qarşı terrorun izləri açıq-aşkar görünür və burada hansı məqsədin güdüldüyünü də təsəsvvür etməyə imkan verir...

Paytaxtda ekolji problemlərin həlli, yaşıllıqların qorunması və yeni yaşıllıq zonalarının yaradılması ölkə rəhbərliyinin çox ciddi diqqət yetirdiyi məsələlərdir. Vaxtilə Azərbaycan təbiətinin böyük himayədarı, eks-prezident Heydər Əliyev “kim bir ağac kəsirsə, elə bil mənim bir qolumu kəsir” -  deyərək, yaşıllıqların mühafizəsi ilə bağlı öz prinsipial mövqeyni bildirmişdi. Prezident İlham Əliyev 2010-cu ili “Ekologiya ili” elan edərkən onu da da vurğulamışdı ki, əslində, Azərbaycanda hər il ekologiya ili olmalıdır.

Dövlət başçısının Bakının yaşıl ərazilərinin genişləndirilməsi ilə bağlı qərar və göstərişləri öz nəticəsini verməkdədir. Şəhərin müxtəlif yerlərində yeni bağlar və parklar salınıb, Dənizkənarı bulvarın ərazisi genişləndirilib. “Sovetski” adlanan məhəllənin sökülərək, yerində böyük yaşıllı zolağının salınması üzrə işlər isə hazırda davam etdirlir. Bütün bu tədbirlər dünyanın ən gözəl şəhərləri sırasında adı çəklən Bakının təbii mühitinin sağlamlaşdırılmasına, beləliklə də, getdikcə istiləşən iqlim şəraitində insanların səhhətinə müsbət təsir edən yaşıllıqların artırılmasına imkan yaradır. Ancaq təəssüf ki, bəzi işbazlar dövlət qurumları ilə şübhəli anlaşmaları bu tendensiyanı xələl gətirir (İstiqlal.az)
06.07.2018 12:27:39
Oxuma sayı: 15825