Binəli Yıldırım: “Qarabağda yaşayan ermənilərin reinteqrasiyası zamanın reallığıdır”
Ölçü:


Ulu Öndər Heydər Əliyevin və Qarabağ müharibələri şəhidlərinin ruhları şaddır. Azərbaycan 44 günlük Vətən müharibəsində Zəfər qazanaraq öz suverenliyini bərpa edib. “Qurtuluşdan Zəfərə” konfransı Türkiyə-Azərbaycan əlaqələrini daha yüksəklərə qaldırmağa və yol xəritəsini müəyyənləşdirməyə töhfə verəcək.

Koordinat.az xəbər veerir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin birinci müavini, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri, Türkiyə nümayəndə heyətinin rəhbəri Binəli Yıldırım Şuşada keçirilən “Qurtuluşdan Zəfərə” mövzusunda beynəlxalq konfransda deyib.

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada təşkil olunan beynəlxalq konfransda iştirak etməkdən qürur duyduğunu vurğulayan Binəli Yıldırım Türk Dövlətləri Təşkilatının önəmindən danışıb. Deyib ki, türkdilli dövlətlərin nümayəndələrinin 2022-ci ildə Bursada, sonra isə Şuşada bir araya gəlməsi qürurvericidir.

“Qarabağın artıq Azərbaycanın bir parçası olduğu qeyd-şərtsiz qəbul edilib. Qarabağda yaşayan ermənilərin reinteqrasiyası zamanın reallığıdır. Bu ərazilərdəki separatçı qüvvələr öz fəaliyyətini dayandırmalı və Azərbaycana təslim olmalıdırlar. Azərbaycan rəhbərliyi hər zaman humanist addımlar atır və bu dəfə onlara güzəşt edəcək”, – deyə Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin birinci müavini bildirib.

Laçın dəhlizinin və Zəngəzur dəhlizinin əhəmiyyətini vurğulayan Binəli Yıldırım Ermənistanın Zəngəzur dəhlizi layihəsinin reallaşdırılması prosesini ləngitdiyini deyib. Qeyd edib ki, əslində, bununla Ermənistan özünə ziyan edir.

15.06.2023 12:42:00
Oxuma sayı: 1257