Avropa İttifaqı Əliyevla Paşinyanın görüşü barədə bəyanat yaydı
Ölçü:


Avropa İttifaqının Ali Nümayəndəsinin sözçüsü Peter Stano Kişineuda Ermənistan və Azərbaycan liderləri arasında keçirilməsi planlaşdırılan görüş öncəsi bəyanat yayıb.

Koordinat.az xəbər verir ki, bəyanatda deyilir:
"Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi son bir ayda intensivləşib və Avropa İttifaqı bunu alqışlayır. Aİ hesab edir ki, bu tarixi anı saxlamaq və sülh prosesini riskə atacaq addımlardan, o cümlədən düşmənçilik ritorikasından çəkinmək vacibdir. Mayın əvvəlində ABŞ-da sülh müqaviləsi üzrə aparılan danışıqlardan sonra, iyunun 1-də Moldovanın paytaxtı Kişineuda keçirilməsi planlaşdırılan növbəti görüşdən əvvəl, mayın 14-də Brüsseldə liderlərin görüşü baş tutdu. Ermənistan və Azərbaycan liderləri Moskvada da görüşüblər.

Brüsseldə onlar sərhəd məsələləri, əlaqələnmə, humanitar məsələlər və keçmiş Qarabağ Muxtar Vilayəti ərazisində yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi kimi bir neçə əsas mövzuya diqqət yetiriblər. O vaxtdan bəri liderlər 1991-ci il Alma-Ata Bəyannaməsinə və Ermənistanın (29,800 kv. kilometr) və Azərbaycanın (86,600 kv. kilometr) müvafiq ərazi bütövlüyünə birmənalı sadiq olduqlarını açıq şəkildə təsdiqləyiblər.

Biz Ermənistanın Baş naziri Nikol Paşinyanın mayın 22-də bununla bağlı cəsarətli bəyanatını və Ermənistanın ikitərəfli sərhədin delimitasiyası üzərində işləməyə açıq şəkildə hazır olduğunu alqışlayırıq. Biz Azərbaycan Prezidenti İlham Əliyevin mayın 25-də verdiyi bəyanatını da alqışlayırıq.

Bu həssas məsələlər üzərində iş davam etdikcə, hərtərəfli normallaşma ilə bağlı bütün məsələlərdə həll yollarına nail olmaq üçün inam yaratmaq, yaxşı niyyətlə işləmək və liderlik nümayiş etdirmək üçün addımlar atmaq vacibdir.

Çətin münaqişə tarixinə və keçmişə baxmayaraq, bütün məsələlər yalnız sülh yolu ilə, dialoq yolu ilə həll edilməlidir. Avropa İttifaqı bu addımda tərəfləri dəstəkləməyə sadiqdir.

30.05.2023 14:06:00
Oxuma sayı: 1388