Qərb Zəngəzur dəhlizinin açılmasını dəstəkləyir
Ölçü:


Ermənistan və Azərbaycan arasında danışıqlarda intensivlik müşahidə edilir. Bildiyimiz kimi, mayın 1-dən 4-dək Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN başçısı Ararat Mirzoyan arasında görüş keçirilib.

Koordinat.az xatırladır ki, ABŞ Dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə aparılan danışıqlarda nazirlər və onları müşayiət edən nümayəndə heyətinin üzvləri Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə edib, eyni zamanda bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığını qəbul ediblər.

Mayın 14-də Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə görüş baş tutub. Görüşdə əsasən sülh müqaviləsinin detalları müzakirə edilib.

Mayın 19-da isə Moskvada XİN başçıları səviyyəsində növbəti görüş keçirilib. Lavrovun iştirakı ilə baş tutan görüşdə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması barədə müzakirələr aparılıb. Bundan əlavə, mayın 25-də liderlər səviyyəsində Moskvada növbəti görüş planlaşdırılır. Məlumata görə, iyun ayında Kişinyovda, iyul ayında isə yenidən Brüsseldə yüksək səviyyədə təmaslar olacaq.

Göründüyü kimi, son zamanlar həm Qərb, həm də Rusiya Azərbaycan və Ermənistan arasında instensiv görüşlərin keçirilməsinə çalışır. Görüşlərdə, şübhəsiz ki, Azərbaycan üçün olduqca əhəmiyyətli hesab edilən Zəngəzur dəhlizi də gündəmin əsas müzakirə mövzusu olub. Ermənistan hələlik Azərbaycanın qərb rayonları ilə Naxçıvanı əlaqələndirən dəhlizin açılmasına razılıq vermir. Lakin mayın 14-də Brüsseldə keçirilən görüşdən sonra Şarl Mişel deyib ki, tərəflər regionda nəqliyyat və iqtisadi əlaqələrin açılmasına yönəlmiş müzakirələrdə irəliləyiş əldə ediblər. Bu isə dəhliz mövzusunun aktual olduğunu təsdiqləyir.

Zəngəzur dəhlizinin geosiyası əhəmiyyəti olduqca böyükdür.  Azərbaycan Prezidenti İlham Əliyev sonuncu dəfə Şuşada keçirilən konfransda çıxışı zamanı bildirib ki, Zəngəzur dəhlizinin, sadəcə, Azərbaycan və Ermənistan üçün deyil, qlobal səviyyədə əhəmiyyəti var: "Çünki biz daha böyük həcmdə yüklərin olmasını gözləyirik və marşrutlar nə qədər çox olsa, bir o qədər yaxşıdır".

22.05.2023 13:31:00
Oxuma sayı: 1439