Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsinin və gömrük postunun qurulması labüddür
Ölçü:


“Laçın-Şuşa-Xankəndi yolunda aksiyaların uzanması bölgədəki hərbi-siyasi vəziyyətlə bağlı daha bir reallığı üzə çıxarıb".

Koordinat.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Cavanşir Feyziyev "Baku TV"yə müsahibəsində deyib. O, azərbaycanlı ekofəalların 26 gün əvvəl başladığı aksiyanın davam etdiyini xatırladaraq bildirib ki, bu müddət ərzində Ermənistan siyasətçiləri Azərbaycanın vətəndaş cəmiyyəti tərəfindən təşkil olunmuş dinc aksiyanı beynəlxalq səviyyədə ölkəmizə qarşı təbliğat vasitəsi kimi istifadə etməyə çalışır: "Ermənilər bütün mümkün beynəlxalq platformalarda Qarabağ ermənilərinin guya Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən blokadaya alınması və həmin ərazidə humanitar fəlakətin yaşanması haqqında uydurmalar səsləndirirlər. Məqsəd bu yolla ölkəmizə qarşı beynəlxalq təzyiqlərə nail olmaq və dinc məqsədlər üçün onların istifadəsinə verilmiş humanitar dəhlizdən yenə də qeyri-qanuni fəaliyyətlər üçün, o cümlədən terrorçuluq fəaliyyəti üçün istifadə etməkdən ibarətdir".

Deputat qeyd edib ki, ermənilərin bütün cəhdlərinə baxmayaraq, Azərbaycan diplomatiyası ərazidəki real vəziyyət haqqında düzgün məlumatları beynəlxalq səviyyədə lazımi şəkildə təqdim edir və erməni təbliğatının yalanlarını ifşa edir: "Bu aksiya Qarabağda yaşayan ermənilərin Ermənistanla əlaqəsini kəsməyə yönəlməyib, yolun mülki vətəndaşlar tərəfindən humanitar məqsədlərlə istifadəsinə heç bir maneçilik yoxdur. Aksiyanın yeganə məqsədi Azərbaycan ərazisində qeyri-qanuni iqtisadi fəaliyyətin dayandırılması və ərazidə ekoloji fəlakətin qarşısının alınması üçün lazımi tədbirlərin görülməsindən ibarətdir".

Millət vəkili qeyd edib ki, aksiyanın davam etdiyi müddətdə mədənlərdən birində qeyri-qanuni istismar fəaliyyəti dayandırılıb. Lakin mütəxəssislərdən ibarət monitorinq qrupunun əraziyə girişinə hələ də şərait yaradılmayıb.

Cavanşir Feyziyev ekoloji aksiyanın ərazidəki hərbi-siyasi vəziyyətlə bağlı yeni reallıqları üzə çıxardığını da bildirib. Onun fikrincə, aksiyanın davam etdiyi 26 gündə Qarabağda Azərbaycan hərbçilərinə və mülki şəxslərə qarşı silahlı təxribat halları demək olar ki, tam aradan qalxıb: "Buradan belə qənaətə gəlmək olar ki, dəhlizin bizim nəzarətimizdə olması həmin ərazidə yaşayan bütün insanların, o cümlədən həm azərbaycanlıların, həm də ermənilərin təhlükəsizliyi baxımından daha səmərəlidir. Odur ki, dəhlizin başlanğıcında, Laçın-Gorus sərhədində Azərbaycanın sərhəd-keçid məntəqəsinin və gömrük postunun qurulması ilə Qarabağın ermənilər yaşayan ərazisindən təşkil olunan silahlı təxribatların qarşısı tam alına bilər".

Deputat deyib ki, bu, post-münaqişə dövründə ərazidə formalaşmış mövcud duruma yeni baxışdır. Onun fikrincə, məsələnin belə qoyuluşu Ermənistanı növbəti dəfə dalana dirəmiş olur: "Əgər Ermənistan, öz rəhbərlərinin dediyi kimi, doğrudan da sülh gündəliyinə sadiqdirsə və ərazidə sülhün bərqərar olunmasında maraqlıdırsa, o zaman sərhəd bölgəsində sərhəd-keçid məntəqəsinin və gömrük postunun yerləşdirilməsinə razılıq verməlidir. Əks təqdirdə aydın olacaq ki, Ermənistan bizim torpaqlarımızda təxribatlar törətməyə və qeyri-qanuni hərbi qüvvələr tərəfindən terrorçuluq fəaliyyətini dəstəkləməyə davam etmək niyyətindədir".

Cavanşir Feyziyev hesab edir ki, mövcud vəziyyətin bu istiqamətdə inkişaf edəcəyi təqdirdə Azərbaycan öz ərazisində anti-terror əməliyyatı keçirməkdə haqlı olacaq.

07.01.2023 18:12:00
Oxuma sayı: 903