Beynəlxalq faktaraşdırıcı missiya Laçın dəhlizinə göndərilə bilər - bir şərtlə ki...
Ölçü:

Ermənistan Xarici İşlər Nazirliyi yanvarın 3-də “Laçın dəhlizinin davam edən blokadası” ilə bağlı bəyanat yayıb.

Koordinat.az xəbər verir ki, bəyanatda Azərbaycanın Laçın dəhlizini bağladığı, Qarabağı Ermənistanla və bütün dünya ilə birləşdirən yolu kəsdiyini, üç həftədən artıqdır bölgəni blokadada saxladığı iddia olunur. Azərbaycan tərəfinin Laçın dəhlizinin faktiki olaraq açıq olması ilə bağlı bəyanatları isə təkzib edilir.

İrəvanın beynəlxalq ictimaiyyətə ünvanlanan bu çağırışlara necə müqavimət göstərmək lazımdır?
Müstəqil siyasi ekspert Nəsimi Məmmədli "Pressklub"un suallarını bu cür cavablandırıb:
– Ermənistan birinci dəfə deyil ki, beynəlxalq ictimaiyyətə müraciət edir. O, hər dəfə bir bəhanə taparaq Azərbaycandan şikayət etməyə vərdiş edib. Beynəlxalq ictimaiyyətin Ermənistanla Azərbaycan arasındakı mübahisəni həll etmək üçün effektiv mexanizmləri yoxdur. Tərəfləri beynəlxalq hüququn prinsiplərinə əməl etməyə və diplomatik prosesi davam etdirməyə çağırmaq olar. Onların bunu nəzərə alıb-almayacağı isə geosiyasi amillərdən asılıdır.

Ermənistan 27 il ərzində nəinki bu cür məsləhət xarakterli bəyanatlara, hətta BMT-nin 4 qətnaməsinə də məhəl qoymayıb. Ermənistan birmənalı olaraq 822, 853, 874, 884 saylı qətnamələrə əməl etməyib. Beynəlxalq ictimaiyyət o zaman nə edə bilərdisə, indi də onu edəcək.

Ermənistanın Rusiya qarşısında tələbləri də ciddi deyil. 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyannaməni pozduğuna görə cəzalandırılmalı olan tərəf varsa, o da Ermənistandır. Bu, Üçtərəfli Bəyannamənin 4, 7 və 9-cu bəndlərini 2 ildən artıq müddətdə yerinə yetirməyən dövlət üçün ciddi deyil.

Ermənistan silahlı qüvvələri hələ də Azərbaycan ərazisindən çıxarılmayıb. Ermənistan hələ də onları maddi-texniki cəhətdən təmin edir. Məcburi köçkünlər və qaçqınlar hələ də Qarabağ ərazisinə və ona bitişik rayonlara qayıtmayıblar. Azərbaycanlılar keçmiş Dağlıq Qarabağ ərazisində yerləşən 63 yaşayış məntəqəsindən zorla çıxarılıblar.

Bəyanatda regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasından bəhs edilsə də, Ermənistan hələ də bundan imtina edir. Hələ də Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirən nəqliyyat əlaqəsinin yaradılmasına imkan vermir.

Azərbaycan Laçına gedən yolun humanitar məqsədlər üçün açıq olduğunu iddia etsə də, bunu kafi hesab etmək olmaz. Azərbaycan tərəfi bu yolda Rusiya sülhməramlıları ilə birlikdə çox ciddi sərhəd və gömrük nəzarəti təşkil etməlidir. Üçtərəfli Bəyannamənin imzalanmasından sonra 2021-ci ildə Ermənistanda istehsal olunan 2700 mina Azərbaycan ərazisində aşkar edilərək beynəlxalq ictimaiyyətə təqdim edilib. Son 2 ildə bu minalar nəticəsində 44 mülki şəxs və hərbçi həlak olub, 250 nəfər ağır yaralanıb.

Azərbaycanın Xarici İşlər Nazirliyi bu məsələlərlə bağlı ölkənin diplomatik korpusunu mütəmadi olaraq məlumatlandırmalıdır. Beynəlxalq faktaraşdırıcı missiyanın Laçın dəhlizinə göndərilməsi yalnız bir halda – Azərbaycan bu əraziyə rəsmi nəzarəti bərpa etdikdən sonra – ola bilər. Əgər Laçında sərhəd və gömrük postlarımız olsa, o zaman orada mütəmadi olaraq monitorinqlər aparmaq üçün beynəlxalq faktaraşdırıcı missiya təşkil etmək olar. Amma heç bir missiya Azərbaycan ərazisində onun rəsmi iştirakı olmadan işləyə bilməz. Laçın yolu ilə hərbi yüklərin daşınması, təxribat qruplarının bu yoldan keçməsi Azərbaycanın təhlükəsizliyi üçün ciddi problemdir.

05.01.2023 14:20:00
Oxuma sayı: 943