Prezident: “Biz dağıntıların miqyasını təsəvvürümüzə belə gətirə bilməzdik”
Ölçü:


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 23-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldini videoformatda qəbul edib.

Koordinat.az xəbər verir ki, dövlət başçısı  Azərbaycanın ərazi bütövlüyünə dəstəyinə, torpaqlarımızın azad edilməsi işinə açıq, səmimi, ədalətli yanaşmaya görə minnətdarlıq edib. Prezident daha sonra deyib:"İndi vəziyyət dəyişib. Azərbaycan beynəlxalq hüququ bərpa edib, faktiki olaraq regionda və dünyada yeni reallıqlar yaradıb. Düşünürəm ki, bölgədə uzunmüddətli sülhün və sabitliyin bərqərar olması imkanından istifadə etmək üçün indi çox şey bu reallıqların region ölkələri, böyük dövlətlər tərəfindən düzgün qiymətləndirilməsindən asılı olacaq. Zənnimcə, bu gün Azərbaycan həqiqətən də düşmənçilik, nifrət, qarşıdurma səhifəsini bağlamaq və region üçün gələcək qurmağa hazır olduğunu nümayiş etdirir. Əslində, biz artıq buna başlamışıq. Biz yenidənqurma işlərinə, bütün region ölkələri üçün və nəticədə regionda sabitlik və proqnozlaşdırılma üçün faydalı olacaq layihələri həyata keçirməyə başlamışıq. Ona görə də düşünürəm ki, hamımızın yeni reallıqları qiymətləndirməyə və əməkdaşlığın müsbət imkanlarına və sülh şəraitində birgəyaşayışa diqqəti cəmləşdirmək üçün hökumətlər və beynəlxalq təşkilatlar olaraq addımlarımızı planlaşdırmağa ehtiyac var.

Azərbaycan öz öhdəliklərinə sadiqdir. Biz müharibə zamanı beynəlxalq norma və qaydalara əməl etməklə çox ləyaqətli, doğru şəkildə davrandıq. Zənnimcə, müharibədən sonra çox konstruktiv yanaşma nümayiş etdiririk. Düşünürəm ki, bu reallıqlar uzunmüddətli olacaq.

Regionumuzun uzun illər ərzində gözlədiyi sülh bərqərar olub və bu sülh uzunmüddətli olmalıdır. Əminəm ki, Mərkəzin fəaliyyətində siz, həmçinin bu imkanlara, müharibədən sonrakı inkişaf imkanlarına, münaqişədən sonrakı vəziyyətə diqqəti cəmləyəcəksiniz.

Dağlıq Qarabağ münaqişəsi sona çatıb. O, artıq tarixin bir hissəsinə çevrilib. İndi biz diqqəti qarşımızdakı məsələlərə cəmləşdirməliyik, ilk növbədə, əlbəttə ki, ərazilərin yenidən qurulmasına, bərpasına. Hər şey məhv olub. Biz dağıntıların miqyasını təsəvvürümüzə belə gətirə bilməzdik. Ağdamda, Füzulidə, azad edilmiş digər ərazilərdə, kəndlərdə, şəhərlərdə bir bina belə qalmayıb. Hər şey, tarixi abidələr dağıdılıb. Yenidənqurma işləri aparmaq üçün çoxlu tədbirlər görülməlidir. Əlbəttə, biz bu işə sadiqik, bunu etmək üçün bizim güclü iradəmiz, imkanlarımız var.

Əlbəttə, biz heç vaxt olmadığı kimi indi beynəlxalq birliyin həqiqəti bilməsini istəyirik. Çünki indi xarici diplomatlar, beynəlxalq medianın nümayəndələri işğaldan azad olunmuş əraziləri ziyarət edəndə hesab edirəm ki, onlar işğal nəticəsində bizim tarixi abidələrimizin, mədəni abidələrimizin nə vəziyyətə salındığını həqiqətən görürlər. Bizim əraziləri işğal edənlər hər şeyi məhv ediblər. Ümid edirəm ki, pandemiyadan sonra Mərkəzin növbəti tədbirində, həmçinin Mərkəzin üzvlərinin də işğaldan azad edilmiş bir sıra əraziləri ziyarət etmək və ola bilsin, orada müəyyən tədbiri təşkil etmək fürsəti olacaq. Lakin bu, əlbəttə, bizim gələcək əməkdaşlığımızın və müzakirələrimizin bir hissəsidir".
23.02.2021 17:07:00
Oxuma sayı: 257