Avropa Birliyi ilə saziş Azərbaycana nə vəd edir? - Əli Məsimlinin şərhi
Ölçü:


"Azərbaycanla Avropa Birliyi arasında sazişin imzalanmasının vacibliyi məsələsini Avropa ölkələrinə səfərlərim zamanı yüksək səviyyəli tribunadan səsləndirirəm. Bu, təkcə mənim müsbət reaksiyam deyil. Çıxış etdiyim auditoriyaların belə bir sazişin imzalanmasına müsbət reaksiyası məni sevindirir".

Koordinat.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, baş nazirin sabiq birinci müavini Əli Məsimli “AzPolitika.info”ya müsahibəsində bildirib. Deputat mayın sonlarında Azərbaycanla Avropa Birliyi arasında imzalanacağı gözlənilən sazişin Azərbaycan üçün əhəmiyyətindən danışarkən deyib: "Azərbaycanın Avropaya inteqrasiyasının sürətəndirilməsi üçün indiyə qədər əldə edilən təcrübədən, o cümlədən tənqidlərdən və obyektiv fikirlərdən nəticə çıxarmaqla, Avropa-Azərbaycan münasibətlərini daha yüksək pilləyə qaldırmaq lazımdır. Avropa-Azərbaycan inteqrasiyası ancaq neft və qaz üzərində deyil, həmçinin insan haqları, demokratiya, humanitar sahələrlə bağlı olmalıdır. Yəni Azərbaycanın potensialının bütün istiqamətlərdə Avropaya göstərilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın kifayət qədər imkanları var ki, Avropa ilə həm ticarət əlaqələrini, həm də humanitar əlaqələrini inkişaf etdirsin və genişləndirsin. Necə ki, Azərbaycan Avropanın bir nömrəli problemi olan enerji təhlükəsizlik mövzusunda fikirdə, sözdə və əməldə fəal rol oynayır, hələlik yeganə alternativ mənbə olaraq Avropanın enerji təhlükəsizliyinə töhfə verir. Əməkdaşlıqlar dərinləşdikcə və inkişaf etdikcə Azərbaycanın imicinə müsbət hallar gələcək. Və bu, bizim Dağlıq Qarabağ probleminin həllinə müsbət təsir göstərəcək".

Əli Məsimli sazişin razılaşdırılmayan müddəalarndan danışarkən bəhs edib ki, burada razılaşdırılması mümkün olan məqamlar razılaşdırılması mümkün olmayan məqamlardan daha çoxdur: "Ortaq məxrəcə gəlmək olar. Amma elə məsələlər var ki, məsələn, siyasi məhbus məsələsində tərəflərin özünün yanaşma üslubu var. Hesab edirəm ki, müzakirə və dialoqlar vasitəsilə bu yanaşma üsullarında ortaq məxrəcə gəlmək mümkündür və gəlmək də lazımdır. Azərbaycanda bilavasitə məhkəmə-hüquq sistemində islahatların başlanması, hesab edirəm ki, razılaşdırılması mümkün olmayan məqamların razılaşdırılmasına təkan verə biləcək. Məhkəmə-hüquq sistemində islahatların aparılmasına dair Prezident fərmanı, zənnimcə, kifayət qədər ciddi hadisədir və beynəlxalq aləm tərəfindən müsbət qarşılanıb. Orada yazılanların həyata keçirilməsi Azərbaycanda məhkəmə-hüquq sisteminin lazımı tələblər səviyyəsində qurulmasına kömək edəcək. O zaman razılaşdırılmayan məqamların tezliklə həll edilməsi, sonra isə həmin istiqamətdə əlavə problemlərin yaranmamasına şərait yaradacaq".

Millət vəkili bildirib ki,Azərbaycan bütün istiqamətlər ortadan yuxarı səviyyədə qanunlarla təmin edilib. Məsələnin ikinci tərəfi isə qəbul edilən qanunların nə dərəcədə həyata keçirilməsi, verilən fərmanların tətbiq olunmasıdır: "Lakin qanunların reallaşdırılması, həyata keçirilməsi sahəsində xeyli problemlər var. O cümlədən verilən fərmanlarda da belədir".

Avropa Birliyi ilə Azərbaycan arasında imzalanması planlaşdırılan sazişdə bir mübahisəli məqam da Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmaması ilə bağlıdır. Əli Məsimlinin fikrincə, Azərbaycanın ÜTT-yə daxil olması yalnız o vaxt təhlükəli olar ki, biz buna hazırlıqsız olaq: "Dənizə baş vurmaq istəyirsənsə, öncə üzməyi öyrənməli, sonra isə dənizə daxil olub ümumi tendensiyaya qoşulmalısan. Dünya ölkələrinin əksəriyyəti ÜTT-yə üzvdür və dünyanın ticarət sistemi də bu qurum vasitəsilə həyata keçirilir. Əgər biz ÜTT-yə daxil olan zaman inkişaf edən ölkə kimi deyil, özümüzə uyğun formada daxil olarıqsa, bu Azərbaycana orta müddətli dövr üçün güzəştlərin verilməsinə gətirib çıxaracaq. Digər tərəfdən, kənd təsərrüfatı sahəsində “yaşıl zənbil” prinsipindən istifadə etməklə, ekoloji təmiz məhsul istehsalı üçün istədiyimiz qədər kənd təsərrüfatı sahəsinə subsidiya verməkdə davam edə bilərik. Yəni çıxış yolları çoxdur".

11.04.2019 13:44:00
Oxuma sayı: 286