Azərbaycanın növbəti uğuru və ya ermənilər yenə məyus oldu
Ölçü:


Qarabağdakı Rusiya sülhməramlılarının bölgəni tərk etməsinə dair videogörüntülər Ermənistan ictimaiyyəti tərəfindən də diqqətlə izlənilir. Ermənilər rus hərbi kontingentinin mərhələli şəkildə Azərbaycandan çıxmasını məyusluqla qarşılayır. 

Koordinat.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatında müxtəlif səpkili məqalələr yayılıb. News.am saytı diplomatik mənbələrə istinadən yazır ki, Qarabağdakı Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ iqtisadi rayonundan çıxarılması mərhələli şəkildə davam edir: “Qoşunların çıxarılması eşelonla, Dağıstan vasitəsilə həyata keçirilir. Sonuncu hərbi eşelonun geri çəkilmə tarixi hələ açıqlanmayıb. Amma sülhməramlılar Kəlbəcərdəki Xudavəng monastır kompleksini tərk etməsi dəqiqdir".

Politoloq Elxan Şahinoğlu mövzunu şərh edərkən sülhməramlıların Qarabağı tərk etməsini Azərbaycanın növbəti qələbəsi kimi dəyərləndirib: "Rusiya sülhməramlılarının ölkəmizi tərk etməyə başlaması İkinci Qarabağ müharibəsindən, o cümlədən Qarabağda separatizmə son qoyduqdan sonra növbəti uğurumuz sayıla bilər. Çünki Rusiya sülhməramlıları 2020-ci ilin noyabr ayında Qarabağa daxil olanda onların uzun müddət ərzində ölkəmizdə qala biləcəyi təhlükəsi var idi. Bu təhlükə ötən ilin sentyabr ayında Qarabağı tam nəzarətə götürməyimizlə ortadan qalxdı və rusiyalı hərbçilərin ərazimizdə fəaliyyətlərini davam etdirmələri üçün heç bir əsas qalmadı". 

Buna baxmayaraq, Elxan Şahinoğlu bildirib ki, hələ də bəziləri məsələyə şübhə ilə yanaşır, “Rusiya daxil olduğu yerdən çıxmır” kimi fikirlər səsləndirirdilər. Halbuki, Azərbaycanın yaxın tarixdə Rusiya hərbi bazalarından qurtulmasının iki müsbət nümunəsi var: "1990-cı illərin əvvəllərində Rusiya hərbi bazaları Azərbaycan ərazisindən çıxarılmış, 2012-ci ildə isə Rusiyanın Qəbələdəki RLS-i fəaliyyətini dayandırmışdı. Bu iki nümunədən çıxış edərək Rusiyanın Qarabağdakı azsaylı hərbi kontingentinin də ərazimizi tərk edəcəyi ehtimalı yüksək idi. Doğrudur, Kreml hərbi kontingentinin çıxarılmaması üçün müxtəlif bəhanələr axtarırdı, gah ermənilərin geri qayıdacağını deyir, gah da minatəmizləmə fəaliyyəti ilə məşğul olacaqlarını bildirirdilər. İşğaldan azad olunmuş ərazilərdə minatəmizləmə fəaliyyəti ilə peşəkarlar məşğul olur və sıravi hərbçilərin bu işlə məşğul olması təhlükəlidir. Çünki minatəmizləmə əməliyyatlarında iştirak edən qruplar bu işi öyrənmək üçün aylarla kurslar keçirlər".

Politoloq Rusiya hərbi kontingentinin Qarabağı tərk etməyə başlamasından bir gün əvvəl Dövlət Dumasının ermənipərəst deputatı, komitə sədrinin müavini Konstantin Zatulin açıqlamasına da diqqət çəkib: "Zatulin həmin açıqlamasında bildirmişdi ki, Rusiya hərbi kontingentinin Qarabağda fəaliyyətinə ehtiyac qalmayıb. Demək, onun Kremldəki qərardan əvvəlcədən xəbəri olub. Doğru qərar veriblər".

17.04.2024 13:14:39
Oxuma sayı: 493