Ağciyərdə su toplanmasının səbəbləri
Koordinat.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Arif Ağayev bildirib. Onun sözlərinə görə, iltihab çoxlu səbəblərdən biridir: "Ağciyər xəstəlikləri və ya ağciyərdən kənar orqanların xəstəlikləri maye toplanmasına səbəb ola bilir. Ağciyər xəstəliklərinə adətən birincili plevritlər, tuberkulyoz (vərəm) pnevmoniyalar, travmalar, ağciyər xərçəngləri, ağciyər arteriyaların trombemboliyası səbəb ola bilər. Ağciyərdən kənar səbəblərə isə ürək çatışmazlığı, böyrək və qaraciyər xəstəlikləri, şəkərli diabet, qalxanvari vəz xəstəlikləri, digər orqanların xərçənglərinin plevraya metastaz verməsi daha çox rast gəlinən səbəblərdəndir. Nadir hallarda revmatoloji, limfa sisteminin patologiyası, idiopatik plevritlər, əməliyyatdan sonra rast gəlinən formaları da mövcuddur".
Həkim deyib ki, ilkin diaqnozdan sonra xəstəliyin səbəbi müəyyən etmək üçün ümumi terapevtik tədbirlər həyata keçirilir: "Müalicə konservativ-terapevtik və cərrahi ola bilər. Terapevtik və ya diaqnostik məqsədlər üçün plevral punksiya həyata keçirilə bilər. Bəzən plevral qalıcı drenajlar və cərrahi prosedurlarla icra olunur. Bunlardan diaqnostik və müalicəvi torakoskopiyaları qeyd etmək yerinə düşər. Plevral mayenin yaranma səbəbini aradan qaldırmaq mümkün olmadığı təqdirdə dəqiq dizqnoz üçün maye təkrar yığılır. Əgər plevral boşalma xəstəni ciddi şəkildə narahat etmirsə və qeyd etdiyimiz şikayətlərlə müşahidə olunmursa, o zaman cərrahi müdaxiləyə ehtiyac olmaya bilər. Lakin çox vaxt səbəbini araşdırmaq məqsədilə mayedən müəyyən qədər götürərək laborator təhlillərə göndərmək lazımdır. Əgər xəstədə boğulma, öskürək, ağrı şikayətləri varsa, mayenin tamamən və ya hissəvi boşaldılması xəstənin yüngülləşməsi üçün faydalı ola bilər. Adətən sahə həkimi və ya terapevtə müraciət edilmədilir, onlar da xəstəni müvafiq həkimə yönləndirir. Lakin pulmonoloq və torakal cərraha da müraciət etmək məqsədəuyğun sayılır. Əsas səbəb araşdırıldıqdan sonra həmçinin ftiziatr, kardioloq, nefroloq, onkoloq və digər ixtisaslı mütəxəsislərin fikirlərinin də öyrənilməsi tövsiyə olunur".
14.07.2023 10:50:00
Oxuma sayı: 5274