Şahlar Əsgərovla Dəlidağa "səyahət" - I hissə
Ölçü:


Professor, əməkdar elm xadimi Şahlar Əsgərov təkcə alim kimi deyil, həm də indi çoxlarının nostalji hisslərlə xatırladığı sovet dövrünün kənd həyatını yaşayan insan kimi maraqlı həmsöhbətdir. Onun elmdən və təhsildən kənar, adi və səmimi söhbəti də dinləyənə nəyisə öyrədir, fayda verir...

 Şahlar müəlimin söhbətindən:
 - Atam Qaçay kişi sovet hökumətinin qurucularından olub. Əqidəcən çox möhkəm kişi idi . Komsomolun, Kommunist partiyasının məsul vəzifələrində çalışıb. Kəlbəcər rayonunda əvvəl üçüncü, sonra ikinci katib işləyib. Vətəninə ,elinə bağlılığına görə hələ o dövrdə təzyiqlərə məruz qalırdı. Təkrar Bakıda Partiya Məktəbini bitrib.

Kəlbəcərə göndəriləndə birinci katib təyin olunmaq əvəzinə Yol İdarəsinin rəisi təyin olunur. Bu vəzifə atamın ürəyincə olmasa da,  partiyanın təyinatı idi. Etiraz etməyə lüzum yox idi. Həm də o zamanlar etiraz etmək, dövlətin əleyhinə çıxmaq hesab edilirdi. Bu da ağır partiya cəzası ilə sonlanardı.

Mərkəzi Komitədə də bilirdilər ki, Qaçay kişiyə düzgün təyinat verilməyib, nəyə görəsə.
Partiya səlahiyyətlərindən istifadə edib Tutqun çayı boyunca yerləşən kəndlərə yol çəkməyi qərara alırlar.  O zaman Kəlbəcər İcraiyyə Komitəsinin sədri Başlıbel seydi Həsən Bağırov idi. Atam Tutqun çayı boyu kəndlərə yol çəkilişi ilə bağlı fikrini Həsən Bağıroa bildirir. O, bu ideyadan çox məmnun olur və "Qaçay, mənim çoxdankı arzum idi ki, Xallanlıdan keçib Başlıbelə  maşın ilə gedək" deyir.

Beləcə, atam Qaçay Əsgərovla Həsən Bağırov mərkəzi hökumətə müraciət edirlər və bundan sonra indiki tunelin qayalarından götürülən nümunələr süxurların öyrənilməsi üçün Bakıya aparılır. Atamgil bilirdi ki, qayadan nümunə aparılsa, ermənilər bəhanə olaraq, tunelin çəkilməsinə maneə olacaqlar. Bəhanə isə o olacaq ki, qaya qranit kimi
möhkəmdir, tunel qazmağa texnikamız  yoxdur və sair. Qayadan götürülmüş nümunələri Qaçay müəllimin komandası dəyişərək yumşaq suxur  göndərirlər...
Gərgin əmək nəticəsində qadınlar və kişilər aylarla ən müxtəlif alətlərlə, o cümlədən - balta, düsər, bel, link kimi kəsici-deşici vasitələrlə qayaları çapırdılar.  Ağır, yerindən tərpətməyə insan gücü çatmayan qayaları, daşları yerindən oynadıb yol açırdı o zamanın pəhləvan kişiləri .Qayaları  partlatmaq üçün çuxurlar açırdılar...

Tunel yolunun açılmasına aid çoxlu gülməcələr də vardı. Başlıbelli Heydər, Müslüm kişi, Cəlil müəllim, Gülsüm xala, Xallanlıdan Hüseynalı müəllim, Kamera Hüseyn və sair...  O dövrün adamları çox zəhmətkeş, səmimi və mehriban, qayğıkeş, bir-birinə hörmət qoyan insanlar idi".

Beləliklə ,1961-ci ildə Tunel Başlıbel yolu açılıb və ilk dəfə həmin il Xallanlıdan Başlıbelə avtomobil gəldi. Hər kənddən avtomobil keçəndə bir inək qurban kəsiblər. Tunel yolu Həsən Bağırovun, Qaçay Əsgərovun adı ilə tarixə düşüb. Kəlbəcər Rayon Partiya Komitəsinin Katibi  Səfər Verdiyevin bu işdə çox böyük rolu və əvəzsiz xidmətləri olub. Tutqun çayı üzərində 200 metr uzunluğunda tunel məhz onun katibliyi dövründə vaxtında inşa edilib. Partiya Komitəsi bütün var gücünü tunelun tikintisinə sərf etmişlər.

Bir vacib məqamı da xatırlatmaq istəyirəm ki, atam Hacı Mirzəyevlə Həsən Bağırov həm orta məktəbi, həm iki illik pedaqoji məktəbi, həm ali məktəbi, həm də Partiya Məktəbini  birgə oxuyublar. Onlar həm də dost idilər. Çox sadiq, təmannasız, mehriban və səmimi dost.

P.S. Bu yaxınlarda Kəlbəcərdən çəkilmiş foto və video-materiallarda yerlə yeksan edilmiş qəbirsanlıqdan da görüntülər vardı. Əslində qəbiristanlıqdan əsər-əlamət qalmayıb, görünənlər işğalçı Ermənistanın vandalizm aktının bir nümunəsi idi. İyirmi yeddi il işğalda qalmasına baxmayaraq, mərhum Qaçay müəllimin həmin qəbiristanlıqdakı məzar daşı salamat idi...

Sabir Hacib Mirzəyev
25.02.2022 10:24:00
Oxuma sayı: 13920