El üçün yaşanan ömür
Ölçü:



El-obamız, camaatımız, qohum-əqrəbamız üçün böyük itkidir. Əbülfət həkimin vəfatı kədərimizi, acımızı bir az da artırdı. Yanarlı ürəyi, şəfalı əlləri ilə daim yanınızda idi.

Təəssübkeşliyi, insanlığı, böyüklüyü, ziyalılığı ilə 25 ildir yurd ağrısını canında yaşayan camaatımıza güc verirdi, ruhdan düşməyə, yıxılmağa, ağrı-acıya təslim olmağa qoymurdu. Tibb İnstitutunu bitirib ali təhsilli həkim kimi doğulub boya-başa çatdığı Başlıbel kəndinə qayıdıb öz yurduna, el-obasına, camaatına təmənnasız xidmət etdi. Ölkənin ən ucqar dağ rayonu olan Kəlbəcərin ən ucqar kəndində səhiyyə ocağı qurdu, kiçicik həkim ambulatoriyasını böyük və güvənli bir xəstəxanaya, müalicə müəssisəsinə çevirmişdi...

Kəlbəcərin işğalından sonra da el-obasına təmənnasız xidmətini əsirgəmədi. Ağır iqtisadi və sosial vəziyyət, yoxsulluq və şəraitsizlik onu usandırmadı, əksinə, məcburi köçkün həyatı yaşayan camaatımıza diqqət və qayğısını bir az da atırdı, onlara daha çox vaxt ayırırdı. Həm də təkcə kəlbəcərlilərə, başlıbellilərə yox, bərdəlilərə, Bərdədə məskunlaşan laçınlılara, ağdamlılara, füzulililərə, ağdərəlilərə, xocalılara...

Əbülfət həkim camaatımız üçün bir ümid və inam yeri idi. Başqaları müalicə olunmaq, dərdinə çarə tapmaq üçün xaricə üz tutduğu indiki dövrdə bizlərin inandığı və güvəndiyi, etibar etdiyi əsas ünvan Əbülfət doktor idi. Camaatımızın "Əbülfət doktorun əlinin bildiyini Bakı xəstəxanalarında əlinin altında hər cür texnoloji avadanlıqlar olan yüksək ixtisaslı həkimlərin bir çoxu bilmir" qənaəti şişirtmə deyildi. Əbülfət həkim bizlər üçün doğrudan da etibarlı və güvənli ünvan idi.

Bu ünvanı da itirdik.

Yurdsuz-yuvasız, ünvansız elmiz üçün böyük itkidir! İtirdiklərimizin yerini doldurmamış daha bir itki verdik!

Yaralarımız qaysaqlamamış bir yara da aldıq. Ağrılarımızın üzərinə bir ağrı da gəldi...

Yerin behişt olsun, Əbülfət həkim! Əminik ki, Cənnətini bizlərə miras qoyub getdiyin əməllərinlə qazanmısan!

Haqqını halal et, doktor!

Görüşənədək!


Elxan SALAHOV
17.07.2018 12:13:41
Oxuma sayı: 59295