Orta dəhlizin "Zəngəzur düyünü": Qərb, Rusiya və İranın maraqları harda toqquşur?
Ölçü:


"Cənubi Qafqazda maraqları olan bütün geosiyasi qüvvələrin diqqəti Zəngəzur dəhlizindədir. Hazırda bütün diqqət Zəngəzur dəhlizi probleminə yönəlib. Əsas yerdəyişmə orada baş verir, hamı bundan nəsə almaq istəyir". 

Koordinat.az xəbər verir ki, bunu erməni politoloq Ruben Marqaryan deyib. Onun fikrincə, Zəngəzur dəhlizində marağı olan beynəlxalq qüvvələrində mövqey artıq müəyyənləşib və çox tezliklə məsələ yekun həllini tapacaq: "2020-ci il noyabrın 20-də imzalanmış üçtərəfli bəyanatda Ermənistanın üzərinə götürdüyü bu öhdəliklə bağlı Qərb, Rusiya, İran və ümumiyyətlə, bütün oyunçular arasındakı ziddiyyətlər qabarıq görünür. Baş verənlərlə bağlı daha konkret misallar verə bilərəm. Rusiya baş nazirinin müavini Overçuk Paşinyanla uzunmüddətli danışıqlar üçün İrəvana gəlir, ondan əvvəl ABŞ dövlət katibi Blinken zəng edərək Paşinyanı dəqiqləşdirmə aparmağa çağırır. Rusiya baş nazirinin müavininin səfərindən dərhal sonra Fransa xarici işlər naziri Ermənistana gəlir, danışıqlar 99 faiz bu mövzu ətrafında olur. Açıq şəkildə qeyd olunur ki, Rusiyanın təhdidləri və düşmənçiliyinə baxmayaraq, Paris İrəvanın yanındadır. Əgər belə bəyanatlar verilirsə, deməli, bu, İrəvanda müzakirə olunub. Ardınca Rusiya Təhlükəsizlik Şurasının katibi Şoyqu İrana gedir və deyir ki, rəsmi Tehranda kommunikasiyalarla bağlı heç bir sual yoxdur".

Ruben Marqaryan hesab edir ki, Ermənistan hökumətinin Zəngəzur dəhlizi məsələsində beynəlxalq güclərin, Xüsusən də Rusiya və İranın toqquşan maraqları arasında manevr etmək imkanı çox məhduddur. Onun sözlərinə görə, rəsmi İrəvan bu məslədə nə Rusiyaya, nə Qərbə, nə də İrana tam şəkildə güvənə bilmir və Ermənistan üçün ən çətin vəziyyət bununla bağlıdır: "İş o yerə çatıb ki, Nikol Paşinyan nəyisə təqdim etmək, bəlkə də hansısa məsələlərdə dəstək almaq üçün Gürcüstana gedir. Bütün baş verənlər Zəngəzur dəhlizi ilə bağlıdır, düşünürəm ki, tezliklə nə baş verdiyindən xəbərimiz olacaq”.

Xatırladaq ki, Azərbaycanın əsas hissəsini onun bir parçası olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirməli olan Zəngəzur dəhlizi  2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılmış Orta Dəhliz nəqliyyat layihəsinin mühüm tərkib hissəsidir. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa da qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur. 2023-cü ildə Orta Dəhliz vasitəsilə 2 milyon 750 min ton yük daşınıb ki, bu da 2022-ci illə müqayisədə 86 faiz çoxdur. Hesablamalara görə, Zəngəzur dəhlizi Orta Dəhlizin daşıma qabiliyyətini ildə 8-10 milyon tona qədər artıracaq.
19.09.2024 15:31:00
Oxuma sayı: 579