"Qaçqınkom" yeni layihənin icrasına başlayıb
Koordinat.az xəbər verib ki, layihə rəhbəri – ADA universitetinin prorektoru Fariz İsmayılzadə tədbirdəki çıxışında görüləcək işlərdən danışıb. O, deyib ki, layihə çərçivəsində görüləcək işlərə məcburi köçkünlərlə bağlı məlumatların toplanması və təhlili üçün keyfiyyət və kəmiyyət metodologiyaları əsasında ümumi və məqsədli sorğuların keçirilməsi, inteqrasiya və hədəf qruplarında müzakirələrin aparılması, məcburi köçkünlərin qayıdışını formalaşdıran şərtləri və stimulları öyrənən yeni məlumat alətlərinin işlənib hazırlanması və mövcud potensialın gücləndirilməsi, Böyük Qayıdış üçün məcburi köçkünlər barədə məlumat mənbələrinin təkmilləşdirilməsi (əməliyyat, inzibati, statistik) və bununla bağlı qabaqcıl təcrübənin öyrənilməsi, təlimlərin keçirilməsi daxildir.
Layihənin elmi rəhbəri - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmələri doktoru, professor Nazim İmanov bundan öncə məcburi köçkünlərlə keçirilən layihələr haqqında məlumat verib. Qeyd edilib ki, dəyirmi masanın keçirilməsində məqsəd Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin statistik və analitik potensialının gücləndirilməsindən ötrü müvafiq qurumların ehtiyaclarının öyrənilməsi, keçiriləcək sorğuların daha da təkmilləşdirilməsi üçün fikir mübadiləsinin aparılmasıdır.
Layihənin koordinatoru Rəsmiyyə Abdullayeva bildirib ki, layihə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə ADA Universiteti tərəfindən, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun iştirakı ilə icra edilir. Əsas məqsəd Böyük Qayıdışla bağlı həyata keçirilən tədbirlərin effektivliyinin artırılmasına, köçürülmənin təşkili üzrə proqnozların hazırlanmasına imkan yaradan zəruri məlumatların toplanılması və işlənməsi üsullarının təkmilləşdirilməsinə nail olmaqdır.
“Dəyirmi masa” iştirakçıları çıxış edərək layihə haqqında fikirlərini bildirib, təkliflərini səsləndirib və layihənin tərəfdaşlarına suallarını ünvanlayıblar.
Müzakirələrdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Aparat rəhbərinin müavini Vüqar Nəsirov, sədrin müşaviri Nəsimi Nərimanov və digər struktur bölmələrin rəhbərləri iştirak edib, səsləndirilən rəy və təkliflərlə bağlı geniş izahat verib, sualları cavablandırıblar.
18.09.2024 14:21:00
Oxuma sayı: 548