Cəbrayılın Şükürbəyli kəndində daha 48 fərdi ev tikiləcək
Ölçü:


Cəbrayıl rayonunun Şükürbəyli kəndində daha 48 fərdi yaşayış evinin tikintisinə başlanır.

Koordinat.az xəbər verir ki, Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun bununla bağlı keçirdiyi tenderin nəticələri açıqlanıb. Bildirilir ki, Cəbrayıl rayonunun Şükürbəyli kəndində 1042 ailəlik yaşayış zonası salınır. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uğun olaraq, birinci mərhələdə həmin yaşayış məntəqəsində 635 ailəlik evlərin tikintisi davam edir. Bu mərhələ üzrə kənddə 48 fərdi yaşayış evinin tikintisi ilə bağlı açıq tenderin qalibi "Ağa-EE İnşaat" MMC seçilib. Sifarişçi tərəflə qalib şirkət arasında imzalanmış müqavilə öhdəliklərinə uyğun olaraq Şükürbəyli kəndində 48 fərdi yaşayış evinin tikilməsi müqabilində "Ağa-EE İnşaat" MMC-yə 7 milyon 664 min 194 manat ödəniləcək.

Xatırladaq ki, 1042 ailənin daimi yaşayış ünvanı kimi yenidən qurulan Şükürbəyli kəndinin layihələndirilən ümumi ərazisi 298 hektardır. Burada məskunlaşacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 184 hektar torpaq sahəsi ayrılıb. Bu mərhələdə kənddə 635 fərdi evin tikilməsi nəzərdə tutulur. Baş plana əsasən, bu kənd ərazi vahidinə görə bir-birinə yaxın olan Dəjəl, Şıxəliağalı kəndləri vә Mahmudlu qəsəbəsi ilə birlikdə layihələndirilib.

Şükürbəyli kəndində evlərin və sosial obyektlərin alternativ enerji mənbələri, yəni günəş panelləri ilə təchiz edilməsi nəzərdə tutulub. Bu, işğaldan azad edildikdən sonra yenidən qurulan Şükürbəyli kəndinin elektrik enerjisi ilə dayanıqlı və etibarlı qaydada təmin olunmasına zəmin yaradacaq.
17.09.2024 10:59:15
Oxuma sayı: 684