İş adamları Xankəndi, Şuşa və Ağdamda biznes qurmaq istəyir
Ölçü:


Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə yerli biznesin axını davam edir. Bu dəfə Xankəndi və Şuşa da biznes qurmaq üçün növbəti ərazilər kimi təqdim edilir.

Koordinat.az xəbər verir ki, Şuşa və Ağdamda 100-dən çox biznes nümayəndəsinin iştirakı ilə “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” adlı iki günlük tədbir başlayır. İyunun 27-28-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi şirkət və sahibkarlara Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının investisiya imkanlarının və biznes perspektivlərinin təqdim edilməsi, dövlət-özəl əməkdaşlığı modeli üzrə müzakirələrin təşkilidir.

İş adamları Qarabağa səfər çərçivəsində Ağdam Sənaye Parkında yaradılmış şərait, rezident müəssisələr, həmçinin Şuşa və Xankəndi şəhərlərində iqtisadi fəaliyyətin canlandırılması və dayanıqlı məskunlaşmanın təmini məqsədilə aparılan yenidənqurma işləri, infrastrukturla əyani tanış olacaqlar.

Şuşada keçiriləcək tədbirdə işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan güzəşt və azadolmalar, digər dövlət dəstəyi tədbirləri, bu ərazilərin bərpa və iqtisadi reinteqrasiyasında sahibkarların rolu mövzularında panel müzakirələr təşkil olunacaq.

Sahibkarlara bu ərazilərdə həyata keçirilməsi təklif edilən investisiya layihələri, məhsulların ixrac potensialı, logistika imkanları təqdim ediləcək, iştirakçıları maraqlandıran suallar cavablandırılacaq. Həmçinin G2B (dövlət-biznes) formatında görüşlər keçiriləcək.

Xatırladaq ki, hazırda Qarabağda fəaliyyət göstərən sahibkarlara vergi-gömrük güzəştləri verilir. Bundan başqa, sahibkarların işə cəlb etdiyi əməkdaşlar üçün sosial sığorta haqqının tam və ya bir hissəsini dövlət ödəyir. Bundan başqa həmin ərazilərdə kommunal xərclərin ödənilməsi ilə bağlı güzəştlər mövcuddur.

Nəhayət, işğaldan azad edilmiiş ərazilərdə çalışan sahibkar və şirkətlərə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli kreitlər, kredit zəmanəti və subsidiyalar verilir.

Fond 2022-2024-cü illərdə işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 8 layihəsinin maliyyələşdirilməsinə 19,7 milyon manat güzəştli kredit ayırıb. Bu ərazilərdə fəaliyyət göstərən sahibkarlar fondun həm güzəştli kreditlərindən, həm də subsidiya və zəmanət ilə təmin edilmiş bank kreditlərindən yaralana bilərlər.

27.06.2024 12:13:45
Oxuma sayı: 1060