Ağdamda 126 mənzilli 6 binanın tikintisinə başlanır
Ölçü:


Bərpa və yenidənqurma işlərinin sürətlə davam etdiyi Ağdam şəhərində növbəti yaşayış massivinin tikintisinə başlanır. 

Koordinat.az xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidməti ““Ağdam şəhəri 2 nömrəli yaşayış massivi, 4-cü məhəllə üzrə 126 mənzildən ibarət 6 ədəd yaşayış binalarının tikintisi” işlərinin satınalınması” tenderinin nəticələrini elan edib. Tenderin şərtlərinə uyğun olaraq qalib seçilmiş "SNT" İnşaat Şirkəti yeni yaşayış massivinin tikintisi üçün ayrılmış ərazidə çoxmərtəbəli yaşayış binaları inşa edəcək. Həmin binaların ən kiçiyi üç, ən böyüyü yeddimərtəbli olacaq. İki, üç, dörd və beş otaqlı mənzillərdən ibarət binaların tikintisi gələn ilin sonunadək başa çatdırılmalıdır.

Nəzərdə tutulmuş tikinti və quraşdırma işlərinin həyata keçirilməsi üçün "SNT" şirkəti ilə sifarişçi qurum arasında 16 milyon 211 min 373 manat məbləğində müqavilə imzalanıb.

Xatırladaq ki, Ağdam şəhərində 5 ədəd yaşayış binasından ibarət 5-ci məhəllənin də tikintisi "SNT" şirkətinə həvalə olunub. Ümumilikdə 102 mənzili tikintisi üçün həmin şirkətə 13 milyon 666 min 194 manat ayrılıb.
24.06.2024 17:36:00
Oxuma sayı: 1127