Qarabağda işləyən sahibkarlara güzəşt var - ŞƏRTLƏR
Ölçü:


İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara güzəştli kredit proqramından həmin ərazilərdə biznes quran şirkətlərin hamısı deyil, yalnız dəstək mexanizmi çərçivəsində müəyyən edilmiş şərtlərə cavab verənlər bəhrələnə bilər. 

Koordinat.az xəbər verir ki, bunu Sahibkarlığın İnkişafı Fondunun nümayəndəsi Qəmərcan Xasayzadə bildirib. O, qeyd edib ki, Qarabağda işləyən sahibkarlara dəstək mexanizminin bir neçə mühüm şərtləri var. Həmin şərtlərə əsasən, işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən şirkətin istehsal fəaliyyəti, həmin sahə üzrə gəlirlərin artması, öz məhsullarını xarici bazarlara çıxarmaq imkanları, iş yerlərinin sayı və digər amillər nəzərə alınır. Təqdim olunan layihələr bir neçə mərhələdə ekspertizadan keçirildikdən sonra sahibkarın güzəştli dəstək proqramında yararlana biləcəyi barədə müvafiq qərar qəbul edilir. 

Qəmərcan Xasayzadə deyib ki, dəstək mexanizmi çərçivəsində həmin ərazilərdə fəaliyyət göstərən sahibkarlara güzəştli kreditlər 7 il müddətinə illik 15 faizlə verilir. Güzəştli kreditin maksimum məbləği 5 milyon manatdır. Hər bir sahibkara ayrılan kredit vəsaitin 90 faiz hissəsinə dövlət zəmanəti verilir. Zəmanətli kreditlərin illik faiz dərəcəsinin 10 faiz bəndi 36 ayadək subsidiyalaşdırılır. Həmçinin kreditin müddətinin yarısından çox olmayaraq 36 aya qədər güzəşt müddəti tətbiq edilir.

İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar dövlətin müəyyən etdiyi dəstək proqramından elektron kredit və zəmanət informasiya sistemi vasitəsilə müraciət əsasında bu umkanlardan yararlana bilər. 
24.06.2024 17:12:00
Oxuma sayı: 1144