Revanşist keşiş cəzalandırılır: erməni kilsəsi vergiyə cəlb ediləcək
Ölçü:


Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədlərin delimitasiyasına qarşı çıxaraq erməniləri itatətsizlik aksiyasına çağıran keşiş Baqrat Qalstanyanı cəzalandırmaq qərarına gəlib. Belə ki, hakim “Vətəndaş Müqaviləsi” Partiyasında erməni kilsəsinin vergiyə cəlb edilməsi ilə bağlı fəal müzakirələr gedir.

Koordinat.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. “Hraparak” qəzeti partiyadakı mənbələrinə istinadla yazır ki, revanşist “Vətən naminə Tavuş” hərəkatının liderinin fəaliyyətinin yoxlanılması və kilsənin vergiyə cəlb olunması təklifi Baş nazir Nikol Paşinyandan gəlib. Qeyd olunur ki, təklif edilən qanun layihəsinə görə, kilsə vergiyə cəlb olunmalı, qanunsuz mənimsənilmiş pullar qaytarılmalı və şəffaflıq təmin edilməlidir.

Nəşrin yazdığına görə, Paşinyan bu barədə parlamentlə hökumət arasında keçirilən sonuncu sual-cavab iclasında danışıb. Hakim fraksiyada kilsənin ianələr, şam satışı, vəftiz, toy və sair kimi mərasimlərdən əldə edilən gəlirlər, habelə ritual aksesuarlarının idxalı və satışı ilə bağlı vergilərin tutulması mövzularında fikirlər səsləndirilib. Layihənin Ermənistan parlamentinin növbəti sessiyasında təqdim olunacağı gözlənilir.

Ermənistan hökuməti ilə dini qurum arasındakı gərginlik katalikos II Qaregin və kilsənin siyasi iddialarla çıxış etməsindən sonra pik həddə qalxıb. Təsadüfi deyil ki, Nikol Paşinyanı devirməyə çalışan revanşist hərəkatın başçısı keşiş Baqrat Qalstanyandır.
Ermənistan hökuməti  delimitasiya prosesinə qarşı vətəndaş itaətsizliyi aksiyasının təşkilatçılarını, xüsusilə Tavuş bölgəsinin arxiyepiskopu Baqrat Qalstanyanı sərhəd kəndlərində təxribatçı hərəkətlər etməkdə, yalan məlumat yaymaqda və ictimaiyyəti çaşdırmaqda günahlandırır.

Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının primatı, arxiyepiskop Baqrat Qalstanyan tərəfdarları ilə birlikdə mayın 4-dən Azərbaycanla sərhədlərin delimitasiyasına etiraz edirlər. Kirants kəndindən başlayan etirazlar sonrakı müddətdə paytaxt İrəvanın mərkəzi küçələrində, o cümlədən "Respublika meydanı"nda davam etdirilib. Bununla əlaqədar Ermənistan hökumətinin binasına bitişik ərazi bir neçə gün mütəmadi olaraq polis nəzarəti altında saxlanılıb. Buna baxmayaraq etirazçılar İrəvanın küçələrində nəqliyyatın sıx hərəkət etdiyi küçə və prospektləri bağlamağa çalışıb. son bir ayda “Vətən naminə Tavuş” hərəkatının çoxsaylı iştirakçıları ilə polis qüvvələri arasında müntəzəm şəkildə qarşıdurmalar yaranır. Çoxsaylı etirazılar polis qüvvələri tərəfindən həbs edilərək inzibati tənbeh tədbirləri ilə cəzalandırılıb.
06.06.2024 12:28:00
Oxuma sayı: 1458