Ermənistandakı rus sərhədçilərinin yerdəyişməsi başa çatır
Ölçü:


Rusiya sərhədçilərinin Ermənistanın Azərbaycanla sərhədində yerləşən Zəngəzur vilayətindəki postlardan geri çəkilməsi prosesi başa çatmaq üzrədir. Rus hərbçiləri Azərbaycanla şərti sərhəddə yerləşən Nerkin-hand kəndindəki mövqeləri də tərk ediblər.

Koordinat.az xəbər verir ki, bu barədə Sünik vilayətinin (Zəngəzur) qubernatoru Robert Qukasyan jurnalistlərə açıqlamasında danışıb. O, deyib ki, rusiyalı hərbçilər 2020-ci ildə 44 günlük müharibədən sonra yerləşdirildikləri əraziləri, o cümlədən Nerkin-And kəndini tərk ediblər.

"İndi orada Rusiya sərhədçiləri yoxdur", - deyə qubernator bildirib.

Xatırladaq ki, qoşunların geri çəkilməsi barədə razılıq Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 8-də Moskvada işgüzar səfəri zamanı Rusiya Prezidenti Vladimir Putinlə görüşündə əldə edilib. Razılaşmaya əsasən, rus sərhədçiləri  44 günlük müharibədən sonra Sünik, Vayots Dzor, Geqarkunik, Ararat, Tavuş bölgəsindəki postlardan çıxaraq həmin əraziləri Ermənistan ordusunun bölmələrinə təhvil verməlidir. Həmçinin Rusiyanın Zvartnots hava limanındakı qoşun hissələri də çıxarılmalıdır. Söhbət Sünik (Zəngəzur), Vayots Dzor, Geqarkunik, Ararat, Tavuş (Tovuzqala) bölgəsində yerləşən qoşun hissələrinin geri çəkilməsindən gedir. Rusiyalı hərbçilər ilk mərhələdə Gorusla Qafan rayonları arasında yerləşən Çakaten kəndindən, ardınca Qeqarkunik, Sünik, Tavuş, Ararat və Vayots Dzor bölgələrindən çıxarılıb.

Ermənistan tərəfinin xahişi ilə Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədində qalacaqlar.
06.06.2024 11:15:00
Oxuma sayı: 1459