Paşinyan təxribatçı keşişi cəzalandıracaq
Ölçü:

Paşinyan hakimiyyəti sərhədlərin delimitasiyası prosesinin əleyhinə çıxaraq Tavuş (Tovuzqala) bölgəsində kəndliləri hökumətə qarşı itaətsizlik aksiyalarına çağıran Erməni Apastol Kilsəsinin arxiyepiskopu Baqrat Qalstanyan cəzalandıracaq. 

Koordinat.az xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan parlamentin “hökumət saatı” adlanan toplantısında çıxışı zamanı bildirib. O, müxalifətin mitinqləri fonunda kilsənin təsir agenti olduğunu deyib: “Erməni xalqı din xadimləri Qeysəriyyəyə (erkən orta əsrlərdə erməni katolikoslarının xeyir-dua aldıqları Bizans şəhəri) gedib məsh olunduqda və Ermənistana gələndə belə bir təcrübə yaşadılar. Onlar təsir agenti oldular, deyəsən, indiyə qədər onlar üçün heç nə dəyişməyib. Lakin biz yaxın 2-3 ay ərzində bu məsələni həll edəcəyik”.

Paşinyan çıxışında Azərbaycanla sərhədlərin delimitasiyası məsələsinə xüsusi diqqət yetirib. O, delimitasiya prosesi zamanı əsas tutulan xəritəni nümayiş etdirərək deyib ki, Tavuşda ərazilərin güzəştə gedildiyi barədə ittihamlar məntiqsiz və qəbuledilməzdir: "Ona görə ki, mövcud dövlət sərhədi indi de-yure bərpa edilir. Ermənistan öz tarixində ilk dəfə danışıqlar yolu ilə sərhədi formalaşdırır, suverenliyin, dövlətçiliyin və gələcək inkişafın əsasını qoyur”.

Baş nazir vurğulayıb ki, delimitasiya prosesinə qarşı vətəndaş itaətsizliyi aksiyasının təşkilatçılarını, xüsusilə Tavuş bölgəsinin arxiyepiskopu Baqrat Qalstanyanı sərhəd kəndlərində təxribatçı hərəkətlər etməkdə, yalan məlumat yaymaqda və ictimaiyyəti çaşdırmaqda günahlandırıb. Onun sözlərinə görə, hökumətin delimitasiya ilə bağlı  qərarları dövlət qurumları tərəfindən hüquqi cəhətdən əsaslandırılıb: "Ermənistan 1991-ci ildə Alma-Ata Bəyannaməsinə qoşulmaqla Sovet Ermənistanının sərhədləri daxilində müstəqil ölkəyə çevrildiyini bir daha təsdiqləyib. 1991-ci ildə Ermənistan və Azərbaycan SSR arasında de-yure sərhədlər mövcud idi. Biz de-yure bu sərhədin bütün əsaslarını qaldırdıq, yoxladıq və sərhədin torpaq üzərindəki yerini müəyyən etdik”.
23.05.2024 12:23:00
Oxuma sayı: 826