COP29: Azərbaycan iqtisadiyyatında yeni dövrün başlanğıcı
Ölçü:

Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi Konfransları BMT-nin İqlim Dəyişikliyi haqqında Çərçivə Konvensiyası (UNFCCC) çərçivəsində hər il keçirilən konfranslardır. Bu görüşlər iqlim dəyişikliyi ilə mübarizədə əldə edilmiş tərəqqini qiymətləndirmək və 1990-cı illərin ortalarından etibarən inkişaf etmiş ölkələr üçün istixana qazı emissiyalarını azaltmaq üçün hüquqi cəhətdən məcburi öhdəliklər qoyan Kioto Protokolunu müzakirə etmək üçün UNFCCC tərəflərinin – Tərəflər Konfransının (COP) rəsmi görüşü kimi xidmət edir. Hər il dünyanın hər yerindən hökumət nümayəndələri COP-da (Tərəflər Konfransı) toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində birgə səylər göstərir.

Hər il fərqli ölkədə təşkil edilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının ilk tədbiri 1995-ci ilin martında Berlində, sonuncusu, yəni 28-ci sessiyası (COP28) isə 2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilib. Tərəflər Konfransının 29-cu sessiyası (COP29) isə 2024-cü ilin noyabr ayında Azərbaycanın Bakı şəhərində keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən ilin dekabrın 11-də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub.

Azərbaycan Respublikası 2024-cü ilin noyabr ayında keçiriləcək COP29-a (İqlim Dəyişikliyi üzrə Tərəflərin Konfransının 29-cu sessiyasına) ev sahibliyi etməklə qlobal iqlim dəyişikliyi ilə mübarizədə mühüm bir rol oynayır. Bu konfransın mahiyyətcə ölkə iqtisadiyyatına müsbət təsirlər göstərməklə yanaşı, Azərbaycanın dünya səviyyəsində tanınmasını və mədəni əlaqələrinin mübadiləsinin daha da güclənməsinə şərait yaradacaq.

COP29-un Bakıda keçirilmə qərarı Azərbaycanın yaşıl enerji siyasətində tənzimləyici rol oynamasından irəli gəlir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi əbəs yerə deyil. Həmçinin Cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin əsas hədəflərindən biri də ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsinin davamlılığı olmuşdur. Bu siyasət günümüzdə də uğurla davam etdirilir.

Bərpa olunan energetika sahəsinin inkişaf etdirilməsi ölkə iqtisadiyyatına töhfə verməsi ilə birlikdə, bu sahə ilə bağlı qanunvericilik və institusional mühitin təkmilləşdirilməsi məqsədilə müvafiq qanun və normativ hüquqi aktlar qəbul edilmişdir. Son illərdə aparılan işlər sürətlə davam etdirilmiş və bərpa olunan enerjinin inkişafında müstəsna rol oynayan “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respubliksaının 2021-ci ilin 31 may tarixli 339-VIQ nömrəli Qanunu təsdiq edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinin 5-ci bəndində (“Təmiz ətraf mühit” və “Yaşıl artım ölkəsi”) iqlim dəyişikliyi və onunla mübarizə istiqamətində, eləcə də yaşıl enerji məkanı prinsiplərinə əsaslanan bərpa olunan enerjidən iqtisadiyyatın bütün sahələrində öz əksini tapmışdır. Azərbaycanın sosial-iqtisadi inkişafı üzrə prioritetlərə uyğun olaraq, cari və gələcək dövr üçün bərpa olunan enerji mənbələrindən istifadəyə, xüsusilə “yaşıl” texnologiyaların tətbiqinin genişləndirilməsinə daha çox diqqət ayrılır. Bu sahə üzrə aparılan perspektiv addımlar sayəsində bərpa olunan enerji potensialına malik ərazilərin müəyyənləşdirilməsi və aparılan işlərin davamlılığı istiqamətində araşdırmalar davam etdirilir. Milli Prioritetlər BMT-nin “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin aparılan fəaliyyətlər çərçivəsində icrası xüsusi əhəmiyyətə sahibdir.

COP29-un Azərbaycanda keçirilməsi ölkənin qlobal iqlim dəyişikliyi ilə mübarizəsindəki rolunu gücləndirməklə yanaşı həm də iqtisadiyyatın böyüməsində rol oynayan mühüm faktor olaraq xarici investisiyaların ölkəyə cəlb edilməsini təmin edir. Azərbaycanın iqtisadiyyatında “yaşıl” inkişafın önəminin vurğulanması və bu istiqamətdə görülən addımlar yeni imkanların yaranması ilə bərabər xarici investisiyanın ölkəyə cəlb edilməsini asanlaşdırır. COP29 Azərbaycanda davamlı maliyyə ekosisteminin formalaşmasına və xarici investorlar tərəfindən “yaşıl maliyyə”nin cəlbinə müsbət təsir göstərəcək. Bu da öz növbəsində ölkənin enerji sektorunun müxtəlifləşdirilməsinə, mövcud iqtisadiyyatda yeni sahələrin inkişafına dəstək göstərəcək.

COP29 Azərbaycanın yaşıl iqtisadiyyata keçidinin dəstəklənməsinə şərait yaradacaq. Yeni, innovativ texnologiyalarla aparılan fəaliyyətlər iqtisadiyyatın geniş sahələrində də aparıla biləcək. Bu yönümlü layihələr nəinki iqtisadiyyatın müxtəlif sferalarına dəstək olacaq, hətta yeni layihələrin, yeni ideyaların təklif olunmasına, dəyərləndirilməsinə və onların icra olunması üçün müvafiq maliyyə yardımlarının ayrılması kimi bir çox funksiyaları yerinə yetirmək imkanına sahib olacaq.

Nəticədə COP29 Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə aparması üçün olduqca mühümdür. COP29-un Azərbaycanda keçirilməsi ölkə iqtisadiyyatının tərəqqisinə, iqtisadiyyatın mövcud sferalarının təkmilləşdirilməsinə: yeni bir dövrün başlanğıcına keçidi təmin edəcək.
Nəzərov Rəsul Rövşən oğlu
ADİU-nun “Maliyyə və mühasibat” fakültəsinin 
“Maliyyə” ixtisası üzrə təhsilin II ili, 630 saylı qrup tələbəsi


21.05.2024 17:28:00
Oxuma sayı: 2400