Tanınmış vəkil Prezident Administrasiyasının rəhbərinə məktub yazdı - fermer ailələrinə görə
Ölçü:


Tanınmış hüquqşünas, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Əziz Qənbərli arıçılıq və heyvandarlıq təsərrüfatlarının işğaldan azad olunmuş ərazilərdəki qaylaqlara köçürülməsi işinin asanlaşdırılması, qeydiyyat şərtlərinin yumşaldılması xahişi ilə Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevə açıq məktubla müraciət edib.

Koordinat.az xatırladır ki, Samir Nuriyev həm də Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli üzrə Əlaqələndirmə Qərərgahının rəhbəridir. Elə buna görə də vəkil Əziz Qənbərli həmin müraciəti Kəlbəcər və Laçın yaylaqlarına köç edən fermerlərin adından ünvanlayıb. Müraciətdə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsindən sonra fermer təsərüffatlarının Qarabağın və Şərqi Zəngəzurun yaylaqlarına aparılması üçün yaradılan şəraitə görə minnətdarlıq ifadə olunur. Daha sonra bu sahədəki müvcud problemlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsi xahiş edilir. 

Müraciətin həmin hissəsində deyilir:

"Hörmətli Samir müəllim!
Fermer təsərüffatı fəaliyyəti ölkəmizin ərzaq təhlükəsizliyində xüsusi önəmə malik  sahədir. Heç təsadüfi deyil ki, cənab Prezidentimiz hər zaman bu sahəyə xüsusi diqqət ayırmışdır. Lakin fermerlərin çox ciddi problemi var ki, bu da bürokratik əngəldən başqa bir şey deyil.  Belə ki, işğaldan azad edilmiş ərazilərə böyük qayıdış cənab Prezidentin rəhbərliyi ilə surətlə davam edir. İlk köç Zəngilan rayonunun Ağalı kəndinə, sonuncu köç isə Şuşa şəhərinə olmuşdur. Hazırda bütün işğaldan azad edilmiş ərazilərə müvafiq portal vasitəsi ilə getmək mümkündür. Bu, dövlət nəzarəti və insanların təhlükəsziliyi üçün çox vacibdir. İşğaldan azad edilmiş ərazilərə köçən ailələr özləri ilə azyaşlı övladlarını da aparırlar. Lakin fermerlər bu imkandan məhrumdur. Əgər işğaldan azad edilmiş ərazilərdə - Ağalıda, Laçında, Sus və Zabux kəndlərində, minalarla daha çox çirklənən Füzuli rayonunda bu gün uşaqlar varsa, şükürlər olsun ki, hələ heç bir bədbəxt hadisə olmayıbsa, sadəcə bu qadağanın fermerlərə tətbiq edilməsi hesab edirik ki, ən böyük problemdir. Bunun problem olmasının səbəbi fermerlər uşaqlarını özü ilə 5 ay ərzində apara bilmirisə, uşaqların anaları məcburən onların yanında qalmalıdır. Fermerlərə və çobanlara yemək bişirilmə və digər məişət problemləri ortaya çıxır. Ona görə də fermerlər əlavə işçi qüvvəsi cəlb etməlidir ki, bu da fermerlərin xərclərini artırır. Yaylaqlar uzaq ərazidə olduğundan və ailəsini-uşağını apara bilməyən çobanlar həmin ərazilərə əmək haqqı kimi normadan təxminən iki dəfə artlıq qiymətə gedirlər.

Biz təklif edirik ki, işğaldan azad edilmiş rayonlara köçən fermerlər özləri ilə azyaşlı övladlarını apararkən müvafiq qurumlar onlara mina təhlükəsi barədə xəbərdar edilməklə yazılı iltizam alsınlar və bundan sonra icazə verilsin. Erməni qəsbkarları ölkəmizin 20 faizini mina ilə çirkləndirdiklərini nəzərə alsaq bu problem bizlərlə həl onilliklər, bəlkə də yüzilliklər boyu davam edəcək. Sizdən xahiş edirik fermerlərin bu probleminə köməklik göstərəsiniz".
14.05.2024 16:56:00
Oxuma sayı: 544