Sahibə Qafarova erməni həmkarı ilə görüşəcək
Ölçü:

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarova və Alen Simonyan mayın 16-da Cenevrədə görüşəcəklər.

Koordinat.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Ermənistan nümayəndə heyəti mayın 15-18-də Parlament sədrlərinin VI Ümumdünya Konfransının hazırlıq komitəsinin iclasında iştirak etmək üçün İsveçrəyə gedəcək.

Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin görüşü həmin sammit çərçivəsində olacaq. Görüşün məqsədi və müzakirə olunacaq məsələlər barədə açıqlama verilməyib.

Xatırladaq ki, Azərbaycan və Ermənistan parlament sədrlərinin bundan əvvəlki ikitərəfli görüşü martın 22-də Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində keçirilmişdi.
14.05.2024 15:09:35
Oxuma sayı: 504