Fermerlərin işğaldan azad olunmuş ərazilərə köç icazəsi aktivləşdi
Ölçü:

İşğaldan azad edilən ərazilərdəki yaylaqlara köç edəcək fermerlər üçün portal üzərindən icazə sistemi bu gündən etibarən aktivləşdirilib. Bu isə o deməkdir ki, arıçılıq və heyvandarlıq təsərrüfatları ilə məşğul olan və builki yaz-yay mövsümünü həmin ərazilərdə keçirməyi planlaşdıran fermerlər qeydiyyat üzrə yaylaqlara köç edə bilər.

Koordinat.az xəbər verir ki, bu barədə tanınmış vəkil Əziz Qənbərli özünün "Facebokk" səhifəsində məlumat yayıb. O, qeyd edib ki, Laçın və Kəlbəcər yaylaqlarına köç edəcək fermerlərin Ağdərə yolu ilə gediş-gəlişinə də icazə verilib. 

Laçın və Kəlbəcər yaylaqlarına köç edəcək fermerlərin üzləşdiyi çətinliklərlə bağlı bu yaxınlarda aidiyyəti qurumların rəhbərlərinin qəbulunda olmuş vəkil bildirib ki, həmin görüşlərdə qaldırılan məsələlərin bir qismi artıq həll edilib: "Kənd Təsərrüfatı naziri cənab Məcnun Məmmədovun qəbulunda olanda Kəlbəcərə köç edəcək fermerlərin Ağdərə yolu ilə gediş-gəlişinə icazə verilməsi haqqında məsələ qaldırmışdım. Nazir bildirmişdi ki, bu məsələ 90 faiz həll ediləcək, texniki məsələ qalıb. İndicə nazirliyin mətbuat katibi Vüqar Hüseynovla yenidən danışdım. Bildirdi ki, Ağdərəyə, Kəlbəcərə və Laçına gedən fermerlər Ağdərə yolundan istifadə edə biləcəklər".

Xatırladaq ki, bu il öz təsərrüfatlarını Kəlbəcər yaylaqlarına aparmaq üçün qeydiyyatdan keçmiş fermerlərə gediş-gəliş üzrə iki marşrut təklif olunub: Tərtər-Ağdərə-Kəlbəcər və Göygöl-Ömər aşırımı-Kəlbəcər yolu. Fermerlərin qeydiyyat zamanı seçdiyi marşrut üzrə hərəkətinə hər hansı məhdudiyyət nəzərdə tutulmayıb. Bu isə o deməkdir ki, hər bir fermer portal üzərindən icazə sistemində qeydiyyatdan keçdiyi marşrut üzrə sərbəst şəkildə Kəlbəcər yaylaqlarına gedib-gələ biləcək. 
10.05.2024 12:54:46
Oxuma sayı: 775